“Hakimlər bizim oyunlarda elə səhvlər edirlər ki, həmin epizod bizə qarşı olanda, dərhal qırmızı vərəqə və ya qapımızda penalti görürük”. Bu sözləri “Şamaxı” – “Araz-Naxçıvan” (0:1) oyunundan sonra meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev futbolinfo.az saytına açıqlamasında deyib.

Kapitan ani bir diqqətsizlikdən qol buraxdıqlarını bildirib: “Araz-Naxçıvan”la çox çətin oyunumuz oldu. Rəqib keyfiyyətli, yaxşı futbolçulara malikdir. Bizim isə həm zədə, həm də cəza üzündən 4-5 itkimiz var idi. Gənc futbolçularımız da pis təsir bağışlamadı. Epizodlarımız oldu ki, istifadə edə bilmədik. Ani bir diqqətsizlikdən qol buraxdıq. Halbuki baş məşqçimiz Ayxan Abbasov oyundan öncə iclaslarda həmin epizodu bizə göstərib, rəqibin belə qollar vurduğunu bildirmişdi. Həmin yerdən qol buraxmağımız bizi üzdü. Çünki baş məşqçimiz bunu bizə dönə-dönə tapşırmışdı. Amma son dəqiqələrdə rəqib cərimə meydançasında açıq əllə topa toxundu, gəl ki, açıq-aşkar penaltimiz verilmədi. Halbuki “Turan Tovuz”la evdə oynayarkən tam da qola dəymədiyi halda qapımıza penalti verilmişdi. “Araz-Naxçıvan”la başabaş oynayırdıq. Ona görə də məğlub olmaq istəmirdik. Bu da bizi üzür. Bunları unudub, qarşıdakı matçlara köklənəcəyik. Növbəti tur çətin “Qarabağ” səfərimiz var. Çalışacağıq ki, mübarizə apararaq, yaxşı nəticə qazanaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: