Beynəlxalq Tennis Federasiyası (ITF) məşqçiliyi rəsmən leqallaşdırmaq qərarına gəlib. 2025-ci il yanvarın 1-dən etibarən məşqçilər matçlar zamanı oyunçularla əlaqə saxlaya biləcəklər.

Belə bir qərar tennis aləmində birmənalı qarşılanmayıb. Bəzi tennisçilər bu qərardan narazılıqlarını ifadə ediblər. Teylor Fritz, Denis Şapovalov, Nik Kirios və başqaları 2025-ci il mövsümündən etibarən məşqçiliyin leqallaşdırılmasının əleyhinədirlər.

Qeyd edək ki, son bir neçə ildə məşqçilik tennis turnirlərində müxtəlif formatlarda sınaqdan keçirilir. Lakin rəsmi şəkildə bununla bağlı heç bir qərar verilməmişdi. 2025-ci il mövsümünün əvvəlindən isə vəziyyət dəyişəcək.

Hazırda dünyanın altıncı raketkasi Teylor Fritz yeniliklə qəti şəkildə razılaşmadığını bildirib. “Xahiş edirəm, təkbətək idmanın zehni və strateji tərəfini məhv etməyi dayandıraq”, – deyə amerikalı tennisçi sosial mediada yazıb.

Dünya reytinqinin keçmiş 10 nömrəsi kanadalı Denis Şapovalov da həmkarına dəstək olub. “Yalnız tennisçi kimi deyil, həm də bu idmanın pərəstişkarı kimi yeni qaydanı görmək çox kədərlidir. Tennisin özəlliyi ondan ibarətdir ki, siz rəqibinizlə təkbətək olursunuz. Bu oyunun gözəlliyini niyə dəyişməyə çalışırsınız?”,  – deyə Şapovalov sualla fikrini bildirib.

Shares: