Avropanın milli çempionatlarında futbolçuları əvəzetmədən meydana daxil olaraq ən çox qol vuran klubların adları açıqlanıb.

Futbolinfo.az saytı xəbər verir ki, Misli Premyer Liqasının lideri “Qarabağ” bu baxımdan da qitənin qabaqcıl klublarındandır.

Mövsümün geridə qalan dönəmində Qurban Qurbanovun sonradan “döyüşə atdığı” futbolçular indiyə qədər 8 qol vurublar. Keçirdiyi 10 matçda bunu bacaran ağdamlıların əvəzetmələri orta hesabla hər görüşdə 0,80 qola imza atırlar.

Bu cəhətdən Avropanın ən yaxşı üçüncüsü olan “Qarabağ” cəmi 2 komandadan geri qalır. Qitənin ən yaxşı göstəricisinə malik komanda “Srvena Zvezda”dır. Bu klubun əvəzetmədən mübarizəyə qoşulan futbolçuları Serbiya çempionatının ilk 12 matçında 11 dəfə fərqləniblər. İkinci sırada isə Belçika “Mexelen”i qərarlaşıb – 12 oyunda 9 qol.

Qeyd edək ki, “Qarabağ” hazırda 27 xalla Misli Premyer Liqasına başçılıq edir. Ağdamlılar 10 görüşdə 28 qol vurublar.

Shares: