“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Ağdam klubunun UEFA Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”la keçirəcəyi səfər oyunu barədə gözləntilərini bölüşüb.

Cənubi Afrika Respublikasından olan 34 yaşlı forvard futbolinfo.az saytına açıqlamasında İsveçdəki qarşılaşmada “Qarabağ”dan 3 xal gözlədiyini söyləyib.

Ndlovu dekabrın 12-dəki qarşılaşmanın böyük önəm kəsb etdiyini düşünür: “Elfsborq”la oyunu “Qarabağ” üçün həlledici saymaq olar. Çünki bu görüşdə qalib gələcək komanda pley-offa vəsiqə yolunda böyük addım atacaq. Təbii ki, matçın İsveçdə oynanılması meydan sahibləri üçün üstünlükdür. Ancaq unutmayaq ki, “Qarabağ” səfərdə həmişə daha yaxşı çıxış edib. “Bodo Qlimt”lə oyunda yaşananlar təkrarlana bilər. İnanıram ki, “Qarabağ” Norveçdəki nəticəni İsveçdə də təkrarlayacaq. Çünki bu komanda baxımlı, cəsarətli oyunu ilə növbəti mərhələyə layiqdir”.

Afrikalı futbolçu “Qarabağ”ın Avropa Liqası çərçivəsində keçirdiyi 5 oyunun 4-də məğlub olmasına da münasibət bildirib: “Fikir verdinizsə, “Qarabağ” heç bir matçda rəqibindən geri qalmırdı. Ancaq səviyyə fərqi sonda öz sözünü deyirdi. Əlbəttə ki, “Tottenhem”, “Ayaks”, “Olimpik Lion” kimi klublarla mübarizə aparmaq asan məsələ deyil. Onlar Avropanın ən böyük liqalarında yüksək səviyyədə çıxış edirlər. Onlara qarşı çəkinmədən oynamaq özü “Qarabağ”ın futbolçularının cəsarətindən xəbər verir. Lakin bu klubların böyük avrokubok təcrübəsi var. İnanıram ki, həmin qarşılaşmalarda toplanan təcrübə növbəti oyunlarda “Qarabağ”ın işinə yarayacaq və komanda yoluna davam edəcək”.

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Shares: