“Qarabağ” meydana çıxmadan çempionluğa doğru daha bir addım atdı. Turlar boyunca özü xal itirən rəqibləri indi də ağdamlılara ən yaxın olan komandanı büdrətdi. İndi ehtiyatda iki oyunu olan “atlılar” potensial liderliyini bir az da möhkəmlətdi.

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası Mərdəkanda qırıldı. Təkqollu qələbələrlə zirvəyə yüksələn muxtar respublika təmsilçisi bu dəfə özü eyni aqibəti yaşadı. Qələbə qazanacağı halda avrokuboklara vəsiqə qazanmaq yolunda böyük addım atacaq olan Elmar Baxşıyevin yetirmələri yenə iddialı durumdadır. Amma bu nəticə bəlkə də müvəqqəti enişin başlanğıcı olacaq.

Əvəzində “Sabah” mükafatlar uğrunda mübarizədə önəmli addım atdı. Vasili Berzutskinin gəlişindən sonra özünə gələn komanda erkən təslim olmayacağını göstərdi. İkinci pillə çox uzaq görünür, lakin bu gün üz-üzə gələcək, ən azı birinin xal itirəcəyi dəqiq olan “Zirə” və “Turan Tovuz”a yaxınlaşmaq baxımından vacib nəticə reallaşdı.

“Şamaxı” da ən azı autsayderlə xal fərqini qorumağı bacarmasına sevinməlidir. Hətta bölgə təmsilçisinin bir xala şükür etməsi lazımdır. Çünki dünən “Səbail” qələbəyə daha yaxın idi. Qarlı meydanda mübarizə hər iki tərəfdən güc aldı, yekunda 5 xallıq fərqi qorumaq mümkün oldu. Cavid Hüseynov “dənizçilər”in baş məşqçi postunda ilk xalını qazansa da, sonuncu pillədə qalmaqda davam edir.

“Şamaxı”nın nisbətən zəif oyunu heyətdəki itkilərlə bağlı idi. Məlum olaylar üzündən aparıcı müdafiəçisi və kapitanı Adil Nağıyevi, yarımmüdafiənin əsas siması Georgi Kantariyanı həmişəlik itirən, həmçinin cəzalı Brahim Konatenin xidmətindən məhrum olan meydan sahibləri ciddi çətinlik çəkdi. Qış fasiləsində heyət əhəmiyyətli şəkildə gücləndirilməsə, “Şamaxı”nın Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağı gün uzaqda deyil.

FƏRİD

Shares: