“Hədəfimiz əvvəlcə çempion olub, yenidən I Liqaya qayıtmaq idi. Amma bu yolda gözlədiyimiz dəstəyi ala bilməməyimiz bizi hədəfimizdən xeyli uzaq saldı. Ciddi maliyyə dayaqları axtarışındayıq. Maliyyə olmasa, hədəflər arzu olaraq da qalır. Ümidliyik, yorulmadan çalışırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Saatlı-Araz”ın prezidenti Ədalət Abdullayev deyib.
Ədalət bəy maliyyə üzündən formalaşdırdıqları heyəti qoruya bilməmələrindən də danışıb: “Şükürlər olsun ki, “Lerik”lə çətin səfər oyununda 3 xalı qazanan tərəf biz olduq. Bu xallar bizə hava və su kimi gərəklidir. Ardıcıl yaşadığımız sürpriz məğlubiyyətlər ciddi xal itkilərimizə səbəb oldu. “Dinamo” ilə oyunundakı yenilgimiz bizə qorxulu yuxu kimi gəldi. Ardınca “Kür-Araz”la oyunda məğlub olduq. Yaşadığımız maliyyə problemləri startdakı əhval-ruhiyyəmizə, qələbə əzmimizə böyük zərbə vurdu. Bir çox futbolçularımızla yolumuzu ayırmaq məcburiyyətində qaldıq, məşqləri dayandırdıq. “Şimal”a məğlub olmağımız da bu səbəblərdən qaynaqlandı. Şükürlər olsun ki, yenidən toparlanmağı bacardıq. Məhdud imkanlarla son 3 oyunda layiqli qələbələr qazandıq. Amma maliyyə üzündən formalaşdırdığımız heyəti qoruya bilməməyimizə üzülürük. Sevindirici məqamlar da var. Saatlıdan olan 3 gənc futbolçunu, əvvəllər aşağı yaş millilərinə dəvət olunmuş Cavid Əliyevi hərbi xidmətdən sonra yenidən Azərbaycan futboluna qazandırmaq üzrəyik. Heyətdəki digər istedadlı gənclər də indi yaxşı formaya sahibdirlər. Bütün bunlar bizim cari mövsümdəki ən böyük qazanclarımızdı. Oyunlarımızı artıq doğma şəhərdə, doğma auditoriya önündə keçiririk. Dekabrın 18-də “Sheki City” ilə 2024-cü ilin və I dövrənin son oyununa çıxacağıq”.
GÜNAY SÜLEYMANOVA