“Qarabağ” onun üçün 450 min avro ödəmişdi. Portuqaliya “Çaveş”indən gələndə əksəriyyət cəmi ilyarım sonra Olavio Juninyonun qiymətinin 10-12 dəfə yüksələcəyini düşünməzdi. Hətta Kadi Borges nümunəsi olmasına baxmayaraq…

Bu gün Juninyonun “Qarabağ”dan gedişi komandanın zəifləyəcəyindən qorxanlar üçün pis xəbərdir. Lakin elə həmin Kadinin satılması da ağdamlılar üçün az qala faciə sayılırdı. Əvəzində Qurban Qurbanov daha döyüşkən komanda formalaşdırdı, mövcud oyun sistemində fərdlərin önəminə baxmayaraq, hansısa oyunçulardan asılılığın olmadığı aydınlaşdı.

“Qarabağ” avrokuboklarda normal futbol sərgiləyir. Nəticələr aşağı-yuxarı eyni olur və etiraf etmək lazımdır ki, ümumi ölkə futbolunun səviyyəsinə görə hətta boyundan hündürə tullanır. Azarkeşlər komandadan daha irəli getməsini istəyə bilər, elə klubdakı hər kəs də bunu arzulayır. Reallıq isə amansızdır. “Qarabağ”ın mövcud şəraitdə maksimumu məhz indi göstərdiyi nəticələrdir. Ağdam təmsilçisi qitənin ortabablarından olmaq üçün çalışır, daha yüksək nəticələr üçün ümumi ölkə futbolunun, rəqabətin səviyyəsi qalxmalıdır, klublar bilet satışından və s. pul qazanmalıdır, yüksək səviyyəli oyunçuların ölkəmizə gəlməsinə nail olunmalıdır.

p1640333 - Futbolinfo.az

Bütün bunlar “Qarabağ”ın təkbaşına bacaracağı işlər deyil. Ona görə də klub rəhbərliyi və Qurbanov əla işbirliyi sayəsində uğurlu çıxışla yanaşı digər variantı aktuallaşdırıblar. Başqa ölkələrdə o qədər də önəmsənməyən futbolçular gətirilir, ulduza çevrilir və satılır. “Qarabağ” istəsə, Julio Romao üçün 2 milyon avronu gözdən çıxaran “Ferentsvaroş”a “hə” deyər. Və ya Leandro Andrade üçün bundan da çox pul təklif edən Çin təmsilçisi ilə bazarlıq edə bilərdilər. Daha öncə İbrahima Vadji, Kvabena Ovusu da satılmışdı.

“Qarabağ”ın oyunçusuna “Sevilya” kimi qitə nəhənginin müştəri düşməsi artıq başqa leveldir. Bu, Avropa bazarına açılmaq, diqqət çəkmək, şərtləri diqtə etmək deməkdir. Juninyo ölkəmizdə oynamış ən səviyyəli legioner deyil, sadəcə, klubun ağıllı siyasəti sayəsində o, arzulanan oyunçuya çevrilib. Bu satış əməliyyatı transfer bazarında möhkəmlənmək, skautların daim diqqət mərkəzinə düşmək üçün növbəti şansdır. Xərcləri nəzərə alsaq, heç qitə yarışlarında mövsümə 4-5 milyon avro qazanmaq olmur, braziliyalının transferindən əldə olunan vəsait isə xalis gəlirdir.

“Qarabağ” nəticələr baxımından qürur mənbəymizdir. İndi klub futbol biznesində də önəmli işlər görür. Olavionun gedişinə üzülmək yox, yeni açılan cığırın işlək yola çevrilməsinə sevinmək lazımdır. Yerli futbolçularımızın da bu yolun yolçularına çevriləcəyinə ümid etmək lazımdır. Mahir Emreli azad agent kimi buraxılmışdı, cığıraçanlardan idi. Musa Qurbanlı yaxşı qiymətə satıldı, uyğunlaşa bilmədi, daha az məbləğə geri qaytarıldı. Hazırda Avropanın ortabab klublarında oynamaq gücündə olan Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadə var, Musanın da növbəti şansları olacaq.

Qurban Qurbanov risk edərək şans verdiyi, püxtələşdirdiyi bu futbolçuları artıq transfer olunmaları üçün yetişdirib. Legionerlərlə yanaşı, özümüzkülər üçün də qapılar açılacaq. Zamana ehtiyac var.

57673369 7b61 4e29 a5b3 3b0fb304131f - Futbolinfo.az

“Qarabağ” doğru yoldadır. Əcnəbilərə gələn hər təklifə görə onların maaşını artırmaq, saxlamağa çalışmaq, büdcəni zorlamaq, qiymət artımına getmək doğru deyil. Kadi getdi Juninyo gəldi, Juninyo gedəcək bir başqası gələcək. Bu işi konveyer halına salmaq, böyük futbol biznesindən həm də pul qazanmaq lazımdır. Juninyo satılmasa, “Qarabağ” nəticə baxımından partlayış etməyəcək, nəticələr elə indiki kimi olacaq. Lakin Olavionun gedişi həm maddi qazanc, həm ölkənin imicinə əlavə mübət xallar gətirəcək. Günlərdir İspaniya, Avropa mətbuatı “Qarabağ”dan, Azərbaycandan yazır. Həm pul qazanan, həm də ölkəni reklam edən “Qarabağ”ın rəhbərliyini yalnız alqışlamaq lazımdır.

FƏRİD

Shares: