Almaniyanın “clubfans-reunited.de” saytı Bundesliqa II-də çıxış edən “Nürnberq”in hazırkı durumu ilə bağlı məqalə dərc edib.
Futbolinfo.az xəbər verir ki, nəşr hazırda 11-ci pillədə qərarlaşan komandanın daha yaxşı mövqedə yer almaq potensialında olduğunu yazıb.
Əsas problem kimi, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də yer aldığı hücumçuların ələ düşən saysız-hesabsız qol imkanlarını sağa-sola xərcləməsi göstərilib. “Nürnberq”in önünü kəsən ikinci maneə isə məhz Emreli hesab olunur.
Hətta hücumçumuzun baş məşqçi Miroslav Kloze ilə fikir ayrılığı yaşadığı da vurğulanıb: “Şübhəsiz ki, II liqa üçün yüksək keyfiyyətə malik Mahir Emreli əvvəlki yüksək performansına dönməli və bütün yükün gənc Stefanos Tzimasın çiyninə yükləndiyini hiss etməlidir. İlkin mərhələnin sonunda onun baş məşqçi Miroslav Kloze ilə aşkar fikir ayrılıqları komandanın xeyrinə tam həll olunmalıdır. Emreli öz formasına dönsə, “Nürnberq” mövsümün ikinci yarısında yaxşı işlər görəcək”.
Qeyd edək ki, “Nürnberq” növbəti oyununu yanvarın 19-da evdə “Karlsrue”yə qarşı keçirəcək.