Azərbaycan və Rusiya milliləri arasında bu ilin martında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü baş tutmaya bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə Sport24.ru saytı məlumat yayıb.

Bildirilib ki, AFFA qarşı tərəflə əlaqəni dayandırıb. Tərəflər arasında rəsmi danışıq olmasa da, şifahi razılıq əldə olunmuşdu. Lakin baş verən son olayların AFFA-nı geri addım atmağa vadar edib.

“UEFA-nın son iclaslarının birində Rusiya Futbol İttifaqı ilə AFFA nümayəndələri bu ilin yaz və ya yayında milli komandalar arasında mümkün yoldaşlıq oyununu müzakirə ediblər. İki federasiya arasında digər əməkdaşlıq məsələləri də müzakirə olunub. Milli komandalar arasında yoldaşlıq oyunu ilə bağlı rəsmi danışıqlar aparılmayıb. Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları və Rusiya ilə gərgin münasibətlərə görə AFFA mümkün matçla bağlı məsələni müvəqqəti olaraq təxirə salıb”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan və Rusiya yığmasının martda Bakıda yoldaşlıq görüşündə üz-üzə gəlməsi müzakirə mövzusu olub.

Shares: