İspaniya Superkubokunun dünən gecə keçirilən “Real” – “Malyorka” görüşündə (3:0) futbolçular arasında gərginlik yaşanıb.

Matçın sonunda “Real”ın oyunçusu Cud Bellingem rəqib müdafiəçi Pablo Maffeonun kürəyinə sillə vurub. Bu isə ispaniyalı futbolçunun narazılığına səbəb olub. Nəticədə meydanda onların arasında qarşıdurma yaranıb. Bu zaman komandanın digər üzvləri də sərt mübahisəyə qoşulublar.

Oyundan sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib ki, matçın sonunda baş verən bu olay hər iki komanda üçün lazımsız və mənasız idi, çünki oyun artıq bitmişdi.

“Malyorka”lı Pablo Maffeo ilə “Real”ın başqa bir futbolçusu Vinisius Junior arasında da qalmaqal baş verib. Gərginlik paltardəyişmə otaqlarına gedən tuneldə yaşanıb. “Relevo” nəşrinin yazdığına görə, Vinisius rəqib oyunçuya matçdan əvvəl işlətdiyi sözlərə görə sərt formada etiraz edib. Bu zaman madridlilərin köməkçi məşqçisi Davide Ançelotti braziliyalı hücumçunun köməyinə gəlib. Oyunun gedişatında da hər iki futbolçu arasında toqquşma yaranıb.

Qeyd edək ki, buna oyundan əvvəl Maffeonun verdiyi müsahibə səbəb olub. O deyib ki, əgər boks rinqində Vinisiusla döyüşərsə, braziliyalını cəmi 10 saniyəyə nokauta göndərər.

Shares: