“Zədənin riskini azaltmaq üçün dayanmadan məşq etmək lazımdır. Ayağımı gücləndirmək üçün həm məşq zamanı, həm də məşqdən sonra davamlı idman etməliyəm. Belə uzunmüddətli zədə zamanı insan futbola daha da bağlanır, istəyir ki, tez bir zamanda sağalsın və meydana çıxsın”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ramin Nəsirli deyib.
22 yaşlı yarımmüdafiəçi hazırda həm fizioterapiya seansları, həm də fərdi məşqlərlə məşğul olduğunu bildirib. O, əməliyyatdan sonra müəyyən çətinliklərlə üzləşdiyini, lakin çətinlikləri həkimlərin və yaxınlarının dəstəyi ilə geridə qoymağa çalışdığını vurğulayıb: “Əməliyyatdan sonra müəyyən çətinliklər və ağrılarım oldu. Bu müddətdə əməliyyatı həyata keçirən həkim, eləcə də komandamızın həkimi mənə çox dəstək oldular. Onların dəstəyi, həmçinin ailəmin, dostlarımın və komanda yoldaşlarımın yanında olması məni daha da motivasiya etdi. Əsas məqsədim əzələlərimi bərpa etmək və zədəli ayağımı gücləndirməkdir. Hər bir idmançı üçün belə ağır zədə almaq çox çətindir. Bu, sadəcə fiziki deyil, həm də psixoloji və mənəvi baxımdan böyük bir sınaqdır”.
Ramin komandasının bütün oyunlarını izlədiyini və onlara dəstək olduğunu da əlavə edib: “Əməliyyata görə bir müddət komandamın yanında ola bilmədim. Amma bütün oyunlarımızı izləyirəm və dəstək olmağa çalışıram. İnşallah, tezliklə tam sağalıb komandama daha yaxından kömək edəcəm. Hazırda çox uğurlu çıxış edirik. Ümid edirəm ki, çempionatın sonuna qədər bu uğurlu seriyanı davam etdirə bilərik”.
Xatırladaq ki, Ramin Nəsirli məşq zamanı ön çarpaz bağların qopması və menisk zədəsi alıb. Daha sonra müalicə üçün Türkiyəyə yollanıb və orada uğurlu əməliyyat keçirib. Hazırda bərpa prosesi davam edir.
GÜNAY SÜLEYMANOVA