ABŞ 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatını təşkil etmək hüququndan məhrum edilə bilər. Bu, Ümumdünya Antidopinq Agentliyinin (WADA) sözügedən ölkəyə qarşı sanksiyası nəticəsində mümkündür.
Futbolinfo.az xəbər verir ki, Birləşmiş Ştatlarla WADA arasında gərginlik yaşanır. ABŞ bu qurumla bütün əlaqələri kəsib. Amerikalılar qurumun İcraiyyə Komitəsində təmsil olunmayacaq. Buna səbəb adıçəkilən ölkənin WADA-ya 2024-cü il üçün üzvlük haqqını ödəməməsidir.
Bundan əvvəl Ağ Evin Narkotiklərə Nəzarət üzrə Milli Siyasəti İdarəsinin (ONDCP) direktoru Rahul Qupta çinli üzgüçülərin dopinq qalmaqalı fonunda WADA-dan daha çox şəffaflıq tələb etmişdi, bundan sonra agentlik 2024-cü il üçün ödənişin gecikdirdiyini açıqlamışdı. ABŞ Antidopinq Agentliyi (USADA) hökumətin 3,6 milyon dollar məbləğində ödənişi dayandırmaq qərarını dəstəkləyib.
İndi bu qalmaqal mundialın itirilməsi bahasına başa gələ bilər. Gərginlik davam etsə, ABŞ Antidopinq Agentliyinin fəaliyyəti tanınmayacaq. WADA sanksiyalara əl atacağı halda isə ABŞ-da bütün beynəlxalq yarışlara qadağa qoyulacaq və yerli idmançılar yalnız neytral idmançı kimi yarışlara qatıla biləcək.