“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santosun futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsində komandanın hazırlıq prosesi necə keçdi?
– Hazırlıq üçün çox az vaxtımız oldu. Lakin inanıram ki, ikinci dövrəyə başlamağa hazırıq və ilk dövrədə əldə etdiklərimizdən daha yaxşı nəticələr əldə edəcəyik. Bu, sadəcə, bizdən asılıdır.
– Təlim-məşq toplanışında əsas diqqət əsasən nəyə yönəldildi?
– Bir-birini tanıyan və təcrübəli oyunçulardan ibarət komandamız var. Hər kəs oyun üslubumuzu bilir və bu, çox vacibdir. Bu gün ən vacib olan şey isə fiziki formadır ki, ritmimizi qoruyaraq davam edə bilək.
– Mövsümün ilk yarısında komanda ən uzun məğlubiyyətsizlik seriyasını nümayiş etdirdi. Bu uğurun təkrarı mümkündür?
– Hamımız bilirik ki, indi məsuliyyət daha böyükdür. Biz öz oyunumuzu oynadıq və nəticə verdi. İndi rəqib komandalar bizə qarşı daha diqqətli olacaqlar. Futbolçuları tanıyan və bir çox komandada olmayan bir şeyə sahib olan məşqçimiz var. Oyunçular da onun verdiyi tapşırıqları yerinə yetirirlər. Məncə, ən vacib olanı da budur.
– “Araz-Naxçıvan” hazırda ikinci pillədədir. Bu mövqeyi qorumaq və daha da yüksəlmək üçün hansı addımlar atılmalıdır?
– Hazırda çempion olmağın nə qədər çətin olduğunu bilirik. Amma futbolda hər şey mümkündür. Əsas hədəfimiz Avropaya getməkdir və hazırda buna fokuslanmışıq. İmkan olsa, çempionluğu da hədəfləyəcəyik.
– Bombardirlər siyahısında 8 qolla Coy-Lens Mikelslə ilk pilləni bölüşürsünüz. Bu göstəricini daha da yaxşılaşdırmaq üçün nə edəcəksiz?
– Bombardir siyahısında olmaq əladır, lakin hələ görüləsi çox iş və daha çox məsuliyyət var. Diqqətimi cəmləyərək, komandaya kömək etmək üçün daha çox qol vurmağa hazıram. Bombardir mövqeyini saxlamaq, mövsümün sonunda ən yaxşı olmaq üçün əlimdən gələni edəcəyəm.
– Mövsümün sonuna qədər hədəfləriniz nədir?
– Bura gəldiyimdə məqsədimiz komandamızı elitada saxlamaq idi. Amma biz güclü komanda qurduq və oyunlar keçdikcə görürük ki, Avropaya getmək şansımız var. Hələ hər şey qabaqdadır. Həm qitə yarışlarına çempionat vasitəsi ilə vəsiqə əldə etməyə, həm də Azərbaycan Kubokunu qazanmağa çalışacağıq. Buna artıq “Qəbələ” ilə nail olmuşam. İndi isə eyni hissləri “Araz-Naxçıvan” ilə yaşamaq istəyirəm.
– Sabah “Zirə” ilə səfər oyununa çıxacaqsınız. Bu oyun öncəsi komandanın əhval-ruhiyyəsi necədir? Xüsusi hazırlıq planınız varmı?
– Çox çətin oyun olacaq. Avrokuboka vəsiqə uğrunda birbaşa rəqibdir və biz də bu oyunun vacibliyini bilirik. Finala gedirmiş kimi oynayıb, bundan sonra gözəl nəticə axtaracağıq. Əlimizdən gələn ən yaxşısını edərək, qələbə qazanmağa çalışacağıq. Rəqibdən asılı olmayaraq, hər zaman ən yaxşısını edərək, qələbə qazanmaq istəyirik.
GÜNAY SÜLEYMANOVA