“Qarabağ” artıq bütün şansları itirdiyi üçün oyuna bir qədər rahat çıxacaq. Məncə, bu rahatlıq komandamızın xeyrinə ola bilər. Rəqib evdə oynadığı üçün qələbə qazanmaq istəyir və psixoloji təzyiq altında ola bilər. “Olimpiakos” bizə tanış komandadır, onlarla bir neçə dəfə qarşılaşmışıq və xalla geri döndüyümüz oyunlar olub. Buna görə də səfərdən xal ilə qayıtmaq ehtimalı var”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın ardıcıl məğlubiyyətlərdən sonra çətin dönəm keçirdiyini qeyd edib. O, komandada ruh düşkünlüyü yaranmasının mümkün olduğunu, lakin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında kollektivin bu tipli situasiyalardan çıxmağı bacardığını vurğulayıb: “Qarabağ” ardıcıl məğlubiyyətlərə öyrəşməyən komandadır. Bu nəticələr onların motivasiyasına təsir edə bilər. Amma düşünürəm ki, bu kollektiv illərdir özünü sübut edib. Çətin situasiyalardan çıxmağı və toparlanmağı həmişə bacarıb. Bu komandanın illərdir stabil şəkildə yüksək səviyyədə oynaması təsadüfi deyil. Vaxt gələcək, bu günlər arxada qalacaq və “Qarabağ” yenidən Azərbaycan futbolunda öz sözünü deyəcək, azarkeşləri sevindirəcək”.

Əsədov hesab edir ki, Ağdam klubu “Olimpiakos” qarşısında da mübariz oyun nümayiş etdirə bilər: “Rəqib meydan sahibi olduğu üçün təzyiq altında olacaq və məhz bu məqam “Qarabağ”ın xeyrinə işləyə bilər. Komandamızın itirəcəyi heç nə yoxdur. Bu mövsüm Avropa Liqasına uğurlu start verə bilməsələr də, yenidən toparlanmaq gücündədirlər. Qeyd etdiyim kimi, Ağdam təmsilçisi artıq turnirdə növbəti mərhələyə çıxmaq şanslarını itirdiyi üçün bu matça daha sərbəst çıxacaq və bu amil oyuna müsbət təsir edə bilər. Gərgin və maraqlı oyun izləyəcəyimizi düşünürəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: