“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Keçən ay komandanızdan uzaqlaşdırdığınız Adil Nağıyevlə bağlı AFFA İntizam Komitəsi qərar verdi. Millimizin sabiq üzvü danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edildi. Qərar və məsələ ilə bağlı nə deyə bilərsiniz?

– Biz klub olaraq bu məsələ ilə əlaqədar şübhələnmişdik və bu barədə AFFA-ya müraciət etmişdik. Hər hansı bir yerli futbolçunu itirmək üzücü haldır. Amma etdiyi hərəkət cəzasız qalmamalı idi. Əlbəttə, bir futbolçunun karyerasına böyük zərbədir. Başqa bir şey demək istəmirəm.

– Adil Nağıyev vaxtilə “Zirə”də də rəhbərliyiniz altında oynamışdı. Ondan bu cür hərəkət gözləyirdiniz? Adilin danışılmış oyunlarda iştirakı sizə necə təsir etdi?

– Bəli, Adili çoxdan tanıyırdım. Heç gözləməzdim. Mən həmişə futbolçulara inanmışam. Futbolçu kobud səhv də edə bilər. Səhv etmək futbolun bir hissəsidir. Amma bu şeydə iştirak etməsi, həqiqətən, mənə çox pis təsir etdi.

– “Şamaxı”da kapitanlıq sarğısını da ona həvalə etmişdiniz…

– Biz Adilə o qədər inanırdıq ki… Komandanın kapitanı idi. Onu “Şamaxı”ya dəvət edəndə də bir lider futbolçu kimi dəvət etmişdik. Çox təəssüflənirəm.

– Futbolçu və məşqçi karyeranızda heç belə bir halla qarşılaşmışdınız? Yoxsa ilk dəfə idi ki, bu cür situasiya ilə üzləşirdiniz?

– İlk dəfə idi bu cür halla qarşılaşırdım. Onadək belə halla üzləşməmişdim.

– Adil Nağıyevlə birlikdə komandadan uzaqlaşdırdığınız Giorgi Kantariya ilə bağlı vəziyyət nə yerdədir? Aydın məsələdir ki, Azərbaycanı tərk etdiyi üçün AFFA onu cəzalandıra bilməz. Ancaq yəqin ki, lazımi qurumlara gürcüstanlı yarımmüdafiəçinin etdiyi hərəkətlə bağlı məlumat verilib…

– Biz lazım olan addımları atmışıq. Kantariya ilə qalan məsələləri AFFA bilir, biz bilmirik. Prosesi onlar aparır.

FƏRİD

Shares: