“Bu mövsüm “Qarabağ”ın Avropa Liqasındakı sonuncu oyunudur. Bunun da hər iki tərəfi var. Bəlkə də qrupdan çıxmaq şansları olmadığı üçün bir az bədbin ola bilərlər. Və ya tam əksi – basqı altında olmaya bilərlər, çünki üzərlərində əlavə məsuliyyət yoxdur. Əgər bu oyun hər şeyi dəyişsə idi, vəziyyət daha çətin olardı. İndi isə itirəcək heç nə yoxdur, sadəcə, öz oyunlarını oynamalıdırlar”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Aslan Kərimov bildirib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın bugünkü oyunda üstünlük qazana biləcəyini söyləyib:
“Yunanıstan futbolunun özəlliyi aqressiv üslubdur. Son 3:0 hesablı qələbəyə nəzər salsaq, görərik ki, oyunun gedişatında rəqib futbolçular intensiv pressing edirdilər. Lakin biz bunun öhdəsindən gələrək əks-hücumlarda qollarımızı vurmuşduq. Bu gün də ilk dəqiqələrdən həmin aqressiv pressinqin qarşısını almaq lazım gələcək. “Qarabağ”ın qalib gəldiyi oyunlara baxsaq, görərik ki, ön xətdə olan futbolçuların təzyiqi rəqibin top itirməsinə və qol epizodlarının yaranmasına səbəb olur. Belə olduqda rəqib psixoloji basqı altında qalır. “Olimpiakos”la qarşılaşmada da bu, əsas məqamlardan biri olacaq. Əgər “Qarabağ” yüksək pressinq tətbiq etsə, bu qarşılaşma Bakıdakı oyunlardan daha rahat keçə bilər. Çünki “Olimpiakos” bu üslubda oynayarkən müdafiədə boşluqlar buraxır. Qol imkanlarından maksimum yararlanmaq vacibdir. Əgər bunu edə bilmirsənsə, məğlubiyyət qaçılmaz olur. Ümid edək ki, komandamız bu epizodları dəyərləndirə biləcək və qalib gələcək”.
Qeyd edək ki, “Qarabağ” bu gün Avropa Liqasının sonuncu turunda səfərdə “Olimpiakos”la qarşılaşacaq.
GÜNAY SÜLEYMANOVA