Məktəblər arasında müxtəlif idman növləri üzrə turnirlərin keçirilməsi, həm fiziki sağlamlıq, həm də şagirdlərin sosial inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlər yeniyetmələrə yalnız idman bacarıqlarını inkişaf etdirmək imkanı vermir, eyni zamanda komandada işləmək, yarışlara qatılmaq, özünü və komandasını təmsil etmək kimi mühüm həyat bacarıqlarını da qazandırır.

Həmçinin, şagirdlər arasında sağlam rəqabətin və əməkdaşlığın təşviq olunması, onların özlərinə inamının artmasına və sosial bacarıqlarının inkişaf etməsinə kömək edir. Bu cür turnirlər məktəblilər arasında idmanın populyarlaşdırılmasına və təhsil ocaqlarında sağlam həyat tərzinin təşviqinə dəstək olur.

Bu layihənin həyata keçirilməsində AFFA  ilə Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Məktəbli Kuboku” xüsusi bir önəm daşıyır. Məqsəd, məktəblilər arasında idman bacarıqlarını inkişaf etdirmək və onlara düzgün idman təhsili verməkdir. Bu kubok məktəblərarası idman yarışlarının daha da təşkilatlanmasını və məktəblilərin müxtəlif idman növlərində iştirakını təşviq edir. Bu tədbir, şagirdlərin yalnız öz fiziki güclərini yox, həm də əməkdaşlıq və liderlik bacarıqlarını sərgiləmələrinə şərait yaradır.

19532 - Futbolinfo.az

Azərbaycan Voleybol Federasiyası da məktəblilər arasında yarışların təşkilinə xüsusi diqqət ayrıır. Voleybolun məktəb mühitindəki əhəmiyyəti şagirdlərin həm fiziki hazırlığını artırmaq, həm də komanda işinə verdiyi önəm ilə bağlıdır. Məsələn, müxtəlif bölgələrdə voleybol üzrə məktəblilər üçün yarışlar təşkil olunur və bu cür tədbirlər məktəblilərin məşğuliyyət sahəsini genişləndirir, onların müxtəlif idman növləri ilə tanış olmasına şərait yaradır.

AVF-nin bunu hər rayonda təşkil etdiyini demək bir qədər doğru olmaz. Futbol ilə müqayisədə hər bölgəmizdə məktəblilər arasında voleybol yarışı təşkil olunmur. Amma heç olmasa bu, voleybolda var. Digər komanda idman növlərində bir qədər axsama görürük. Məsələn, pandemiyaya qədər Azərbaycan Həndbol Federasiyası alov olmasa da, köz effekti verə bilirdi. Amma hazırda bu istiqamətdə hansısa bir işin görüldüyünü söyləmək olmaz. Keçirsələr belə, medianı məlumatlandırmırlar.

Untitled 14 - Futbolinfo.az

Emin Əmrullayevin Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilməsindən sonra məktəblər arasında basketbol turnirlərinin də keçirildiyini görürük. Ölkə ölkə ərazisi tam əhatə edilməyib. Amma federasiya bu istiqamətdə də müəyyən işlər görür. Nəzərə alaq ki, Əmrullayev həm də elm və təhsil naziridir, deməli, gələcəyə nikbin boylana bilərik. Sadəcə, futbol, voleybol və həndbolla müqayisədə basketbol daha çətin idman növüdür. Bu mənada təbliğat xüsusi önəm kəsb edir ki, bu istiqamətdə işləmək lazımdır.

Fərdi idman növlərində isə müəyyən mənada Azərbaycan Şahmat Federasiyasının fəallığını görmək olar. Amma onlar da əsasən ali təhsil müəssisələrinə müraciət edirlər. Bəli, ara-sıra məktəblər arasında yarış keçirilir. Amma bu, epizodik olmamalıdır.

Ümumiyyətlə, bütün idman növlərində mövsümlük turnirlər keçirilməlidir. Məsələn, biz bilməliyik ki, dərs ilinin sonunda hansı məktəbin futbol, voleybol, həndbol və baskebol komandası çempion olub. Bunu deyə bilirkmi? Yox! Amma hələ heç nə itirilməyib…

Tarixi baxımdan, sovet dövründə məktəblilər arasında Spartakiadalar adı ilə tanınan genişmiqyaslı idman tədbirləri təşkil olunurdu. Bu tədbirlər məktəblilərin fiziki inkişafını izləmək, onların idman sahəsindəki bacarıqlarını qiymətləndirmək və sağlam rəqabət mühiti yaratmaq məqsədini güdürdü. Spartakiadalar şagirdlər arasında böyük əhəmiyyət kəsb edir və onların öz aralarında rəqabət etməsi, fiziki inkişafını artırması üçün bir fürsət yaradırdı. O dövrdə təşkil edilən bu cür yarışlar, məktəblilər arasında idman mədəniyyətinin inkişafına, məktəblərin idman infrastrukturlarının təkmilləşdirilməsinə və şagirdlərin sağlam həyat tərzi ilə tanış olmasına böyük töhfə verirdi. Bizim neçə-neçə futbolçularımız belə yarışlardan kəşf olunub. “Neftçi”nin sovet dövründəki heyətinin əksər üzvləri məktəb yarışlarından kəşf olunub.

3s5a9863 - Futbolinfo.az

Bugünkü dünyada isə məktəblilər arasında idman yarışlarının təşkili artıq çox sayda ölkədə geniş yayılıb və bu sahədə müxtəlif uğurlu təcrübələr mövcuddur. Məsələn, ABŞ-da məktəblilər üçün təşkil edilən “High School Sports Leagues” (orta məktəb idman liqalari) və ya Yaponiyada təşkil olunan məktəb yarışları, yenityetmələrin fiziki inkişafı və sosial bacarıqlarının gücləndirilməsi üçün müsbət nümunələrdəndir. Dünyada hər il müxtəlif idman növləri üzrə keçirilən məktəb turnirləri, həmçinin idmanın tədris proqramlarının əhəmiyyətini vurğulayır və bu fəaliyyətlərin şagirdlərin gələcək uğurları üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Nəticə olaraq, məktəblilər arasında idman növləri üzrə turnirlərin keçirilməsi yalnız fiziki inkişafı təmin etməkdən ibarət deyil, həm də sosial, psixoloji və liderlik bacarıqlarının inkişafına şərait yaradır. Məktəblilər bu cür yarışlarda iştirak edərək, özlərini daha yaxşı tanıyır, həmkarları ilə sıx əməkdaşlıq edir və həyatın müxtəlif sahələrində uğurlu olmaq üçün zəruri bacarıqları əldə edirlər. AFFA ilə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Məktəbli Kuboku” və voleybolla basketbolda olan hərəkətlilik bu sahədə daha çox uğur əldə edilməsi üçün vacib ilkin addımlardır. Həmçinin, dünya təcrübəsi göstərir ki, bu cür yarışlar məktəblilərin inkişafına ciddi təsir göstərir və onlara gələcək həyatda uğurlu olma yolunda böyük dəstək olur.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: