Hazırda Niderlandın “Feyenoord” klubunda çıxış edən İngiltərə millisinin keçmiş oyunçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb. O, narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.

Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib.

Sterlinq hazırda girov müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, 31 yaşlı ingiltərəli futbolçu bu ilin fevral ayında azad agent statusu ilə Londonun “Çelsi” klubundan “Feyenoord”a keçib. Hollandiya klubunun heyətində 8 oyun keçirən futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul” klublarında və İngiltərə millisində də çıxış edib.

Shares: