Sovet dövründə “Neftçi”də oynayan futbolçularla müsahibələr həmişə fərqli olur. O illərin futbol ab-havası fərqli olduğundan onlarla söhbət zamanı özümüzü sanki nağıllar dünyasında hiss edirik. Həqiqətən də o dövrün futbolu indiki reallıqla üst-üstə düşmür. Məsələ ondadır ki, o dövrün futbolçuları da indikilərdən daha üstün olub. Nağıl qəhrəmanları həmişə ətrafımızda olanlardan daha əzəmətli görünür axı.
Maşallah Əhmədov da belə futbolçulardan olub. 1970-80-ci illərdə “Neftçi”nin parlaq hücumçularından olan gəncəli balasının oyunu stajlı futbol azarkeşlərinin xatirələrində hələ də canlanır.
Maşallah bəyin oyunu kimi yaxşı danışığı da var. Belə bir futbolçu ilə müsahibə imkanını əldən qaçıra bilməzdim.
– Gəncədə vağzal tərəfdə doğulan və sonradan futbola gedən uşaqların əksəriyyəti “Lokomotiv” komandasında “Dyadya Kostya”nın yetirməsi olub. Siz də onun tələbələrindən birisiniz.
– Mən 1959-cu ildə Gəncə şəhərində anadan olmuşam. 7 yaşımda “Lokomotiv” zavodunun yanındakı meydançada uşaqlarla işləyən peşəkar məşqçi Konstantin Abramenkonun yanına getdim. Evimiz o meydançaya yaxın idi. Yavaş-yavaş məşq etməyə başladım. Başqalarında seçildiyimə və xüsusilə də solaxay olduğuma görə “Dyadya Kostya”nın xoşuna gəldim. Sizə deyim ki, elə-belə meydança deyildi, əməlli-başlı otu və şəraiti var idi. “Dyadya Kostya” oranı özü düzəltmişdi, uşaqlar da bacardıqları qədər kömək edirdi. Fərqli yaş qrupları üzrə komandalar var idi. “Neftçi”nin yox, məhz “Neftyanik”in SSRİ çempionatında bürünc medallar qazandığı və SSRİ millisinin 1966-cı ildə keçirilən dünya çempiontında 4-cü yeri tutduğu il futbolla məşğul olmağa başladım. Bir müddət məşq edəndən sonra idmana marağım həddindən artıq yüksəldi. 1, 3, 5-ci günlər futbola gedirdim, ardınca evimizin yanındakı rusdilli məktəbdə məşqçi Qorxmaz Musayevin yanında gimnastika və yüngül atletikaya da yazıldım. Allah ona da, “Dyadya Kostya”ya da rəhmət etsin. Sonra məşqçi Çingiz Piriverdiyevin yanına boksa getdim. Bir neçə idman növü ilə məşğul olurdum. Atam riyaziyyat, anam ədəbiyyat müəllimi idi. Evdə 10 uşaq idik: 5 qardaş, 5 bacı. Nəinki varlı, heç orta təbəqə də deyildik, çox kasıb sayılırdıq. Amma evdə həddindən artıq nizam-intizam var idi. Ailənin 8-ci uşağı olsam da, ən məşhuru da mən olmuşam.
– Ümumiyyətlə, “Dyadya Kostya” olmasaydı, Gəncə futbolu çox şey itirərdi?

– Düzdür, Gəncədə başqa uşaq məşqçiləri də var idi, lakin heç biri onun kimi deyildi. “Tekstilni”də Yaqub müəllim, “Dinamo”da Eldar müəllim var idi. Həmçinin Hamlet müəllim uşaqlara futbol öyrədirdi. Ancaq Abramenko ayrı səviyyə idi. O, sonradan məşhurlaşan xeyli oyunçu yetişdirib. Adicə tələbələrinə baxmaq kifayətdir: Maşallah Əhmədov, Asif Əliyev, Mehman Allahverdiyev, Yunis Hüseynov, Vidadi Rzayev, Arzu Mirzəyev, Mahmud Qurbanov, Nurəddin Əliyev, Sergey Kramarenko.
– Yüngül atletika ilə məşğul olmağınız sürətli futbolçuya çevrilməyinizə təkan verdi?
– Həddindən artıq. Qorxmaz müəllim uşaqlara sual verdi ki, neçə növ qaçış var? Biz də hamımız “bir növ” cavabını verdik. Sonradan bizə qaçarkən əlləri hansı vəziyyətdə saxlamalı, gücümüzü necə bölüşdürməli, birinci, ikinci və üçüncü sürətə necə keçməli olduğumuzu başa saldı. Əvvəlcə 30, sonra 100, ardınca 400, axırda 3000 metr məsafəyə qaçmağı öyrəndim. Çox sürətli futbolçuydum, təkcə “Neftçi”də deyil, SSRİ çempionatında bu planda məndən yaxşısı yox idi. Yüngül atletika ilə məşğul olsaydım, 10 qat dünya çempionu olardım. Normativ verəndə 30 metri 4 saniyə qaçmaq çox yaxşı nəticə sayılırdısa, mən bu məsafəni 3.1 saniyəyə qət edirdim. O vaxt dünya çempionu 100 metrəni 9,4 saniyəyə qaçırdısa, mən ondan az fərqlə geri qalırdım. Həm yüngül atletika, həm də boksun mənə futbolda böyük köməyi olub. Fiziki hazırlığım əla olub, rəqiblərdən qorxmamışam. İdmanda gərək heç kimdən çəkinməyəsən.
– Bildiyimə görə, siz doğulanda çəkiniz 5 kiloqramdan artıq olduğunuza görə hamı atanıza “Maşallah” deyib və sizə belə ad qoyulub. Bəs niyə böyük qardaşınızın adı “İnşallah” olub?
– Yox, bu məsələ rəhmətlik qardaşımla bağlıdır. O, dünyaya göz açanda çəkisi 5,6 kq olub. Atama bu haqda deyiləndə “Maşallah” cavabını verib, adını da elə qoyub. 1959-cu ildə anam hamilə olanda isə böyük qardaşım dünyasını dəyişib. Cəmi 7-8 yaşı var idi. Atam qapımızın yanında qardaşımı çağırıb, sonra isə onu maşın vurub. Mən doğulanda çəkim 5,8 kq olub. Qardaşımın adı da mənə verilib.
– “Lokomotiv”dən “Dinamo”ya yolunuz necə düşdü?
– “Dinamo” (Kirovabad) oynayanda “Dyadya Kostya”dan xahiş edirdilər ki, uşaqlar gəlib topdaşıyan funksiyasını yerinə yetirsin. “Dinamo”nun heyətində Nizami Salahov, Ramis Miritov, Yusif Məhərrəmov, Müzəffər Qasımov, Zakir Süleymanov kimi futbolçular var idi. Biz onlara baxır, matçın fasiləsində isə 15 dəqiqəlik özümüz oynayırdıq. Elə oldu ki, bəzi uşaqları bəyənib kluba dəvət etdilər. Müzəffər Qasımov oynayan baş məşqçi oldu. Çağırılanlar arasında mən də var idim, təlim-məşq toplanışında məni bəyəndi. Meydana çıxdığım ilk matçda Gürcüstanın “Quriya” komandasının qapısına yol tapdım. Başım üzərindən zərbəylə qol vurdum. Stadiona 30 min azarkeş gəlmişdi. Cəmi 17 yaşım var idi. Sonra başqa oyunda da qol vurdum, sürətli futbolçu olduğumu görməyə başladılar. 1976-cı ildə isə “Neftçi” yüksək liqaya vəsiqə qazandı. Bizimlə matç keçirmək üçün Gəncəyə gəldilər. Həmin oyunda sürətim hesabına iki qol vurdum. “Nefçi”nin baş məşqçisi Gennadi Borisoviç Bondarenko dedi ki, bu futbolçunu yanıma gətirin. İsgəndər Cavadovu “Avtomobilçi”dən, mən isə “Dinamo”dan apardılar. 1976-cı il noyabrın 28-də Bakıya gəldim. Bu il “Neftçi”də 50 illiyim olacaq.
– Həmin matçdan əvvəl düşünüdünüz ki, bu, “Neftçi”yə düşmək üçün böyük şansdır?

– Belə bir arzum yox idi, evdəkilər də razı deyildi. Bakıya getməyimə icazə vermək istəmirdilər. Çünki 17 yaşım vardı, paytaxtda heç kimim yox idi, kasıb ailəydik. Rəhmətlik qardaşım mənə kupeyə bilet aldı. Bələdçiyə yaxınlaşdım ki, mənə yataq dəsti versin. Dedi ki, pul cırılıb, verə bilməz. İndiyə qədər o cırıq manatlığı saxlamışam. Bələdçidən telefon nömrəsini də aldım. Noyabrın 28-də vağzalda düşdüm, hava çox soyuq idi, qar yağırdı. Pulum da yox idi. Vağzaldan Azadlıq prospekti ilə yuxarı qalxdım, hazırkı Koroğlu parkındakı “Koşkin dom” adlanan binaya yaxınlaşdım. Orada oturan kişidən soruşdum ki, “Neftçi”nin bazasına necə gedə bilərəm? Dedi ki, ay oğul, əvvəlcə gəl bura. Yaxınlaşdım, mənə bir xaş verdi. Sonra bazaya yolu göstərdi, təxminən 500 metr məsafə var idi. Ora yaxınlaşanda “Neftçi”nin avtobusunu gördüm. Bazaya gəldim, hamı ilə görüşdüm, məni qəbul etdilər. Paltardəyişmə otağında mənə və Naxçıvandan dəvət olunan Məhərrəm Həsənova tualetin yanında yer verdilər. Sonra artıq ikinci mərtəbədə məskunlaşan futbolçuları gördüm. Anatoli Banişevski, Əli Rəhmanov, Nikolay Smolnikov, Asəf Namazov, Füzuli Cavadov, Rafiq Əlizadə – həmin ana qədər onları yalnız televizorda izləmişdim. Bizə orada qalmaq olmazdı. Onlarla birgə ilk səfərim İtaliyaya olmalıydı, amma sənədlə bağlı problemlərə görə gedə bilmədim. Komanda 5-10 günlük getdi, mən Bakıda qaldım, məşqlərimi davam etdirdim.
– “Neftçi”dəki ilk oyununuzu xatırlayırsınız?
– 1978-ci ildə komanda Moskva “Spartak”ı ilə matça hazırlaşırdı. “Neftçi”nin turnir cədvəlindəki vəziyyəti yaxşı deyildi: ilk 10 turda 6 məğlubiyyət alınmışdı. Mən və İsgəndər Cavadov əvəzedici heyətdə hər dəfə qol vursaq da, əsas komandada ehtiyatda qalırdıq. Bondarenko məni “Spartak”a qarşı ilk “11-lik”də buraxdı. Halbuki Banişevski, Smolnikov, Füzüli Cavadov kimi hücumçularımız var idi. 18 yaşımda “Neftçi”nin “Spartak”la oyununda tək hücumçusu kimi meydana çıxdım. 3-cü dəqiqədə Asif Əliyevin zərbəsindən sonra rəqib qapıçı Rinat Dasayevin sinəsindən qayıdan top sol deyil, sağ ayağıma düşdü, buna görə fərqlənə bilmədim. İlk hissədə o qədər boş zonalara açıldım ki, rəqib müdafiəçiləri xeyli yordum. Baxdılar ki, yox, bu yeniyetmə futbolçudan çəkinmək lazımdır. Lakin özüm də xeyli yoruldum. Artıq hissənin bitdiyini düşündüyüm vaxt tabloya baxdım ki, yalnız 25-ci dəqiqə gedir. Tək hücumçu olduğum üçün hamıdan çox qaçmalı oldum. Abbasov və Rəhmanovun 40-50 metrdən ötürmələrindən sonra topa sahib olmağa çalışırdım. İlk hissədən sonra baş məşqçiyə yorulduğumu bildirdim. Fasilədə Nikolay Smolnikovla əvəzləndim. Yekunda 3:1 hesablı qələbə qazandıq. Qollarımızı Asif Əliyev, Səmədağa Şıxlarov və Smolnikov vurmuşdu. Matçdan sonra Bondarenko dedi ki, Maşallahın ayağı yüngüldür. Mən, İqor Ponomaryov, İsgəndər Cavadov əvəzedicilərdə çıxış etsək də, əsas komandaya da kömək edirdik. İsgəndərlə münasibətlərimiz çox yaxşıydı, qardaş kimi idik.
– BMT triosu adlandırılan Banişevski – Markarov – Tuayev hücum “üçlüy”ünü “Neftçi” tarixinin ən yaxşısı adlandırmaq olar? Hər halda, komanda onların vaxtında bürün medal qazandı. Yoxsa İsgəndər – Maşallah – Ponomaryov triosu daha üstün idi?
– Banişevski – Markarov – Tuayev öz dövrünün ən yaxşı “üçlüy”ündən biri olub. Ancaq gərək bir qədər arxaya boylanaq. “Neftçi”nin 1965-ci il heyəti 1966-dan, 1964-cü il 1965-dən, 1963-cü il isə 1964-dən güclü idi. Sadəcə, 1966-cı ildə Vasili Sokolovun əvəzinə baş məşqçi postuna Əhməd Ələsgərov gəldi və komandanı xeyli gücləndirdi. Bizim Cavadov – Əhmədov – Ponomaryov triosuna gəlincə, 1980-ci ilə qədər əsasən əvəzedicilərdə oynayırdıq. Yalnız həmin ildə əsas komandada bu “üçlük” yarandı. SSRİ-də rəqiblərə “qan uddururduq”. Mövsüm ərzində birgə 30-35 qol vururduq. Amma komandanın zəif tərəfi o idi ki, çox qol buraxırdı. Belə olan halda isə yüksək yer tutmaq şansı az idi. Mənə Moskva “Spartak”ı və “Dinamo”su, Kiyev “Dinamo”su, “Zenit”dən təklif gəlsə də, getməmişəm. Niyə getməliydim ki? Millətpərəst insanam. Düzdür, bu komandalardan birinə keçsəydim, titul qazana, SSRİ millisində oynaya bilərdim. Mənə Moskvada ev, maşın verərdilər, institutu bitirməyə kömək edərdilər. Lakin onsuz da Bakıda mənə hər şey verildi. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət etsin. Tək mənə deyil, “Neftçi”nin bütün futbolçularına kömək etdi.

– Valeri Lobanovski sizi Kiyev “Dinamo”suna çağırırdı?
– Çağırırdı nədir, hətta “Neftçi” ilə oyunlardan əvvəl komandasına tapşırıq verirdi ki, rəqib komandada bir “külək” var, qaçmağına imkan versəniz, qrip olacaqsınız. Deyirdi ki, bircə Maşallahı saxlayın. “Dinamo” elə-belə komanda deyildi. Onların müdafiəsinə qarşı mən də, İsgəndər də çox əziyyət çəkirdik.
– Asatiani də sizə qarşı xüsusi tədbirlər görürdü…
– Çox, çünki mənim, İsgəndərin və Ponomaryovun oyununu SSRİ-də hamı bəyənirdi. Baxmayaraq ki, millidə çıxış etmirdik – azərbaycanlı olduğumuza görə bizi dəvət etmirdilər. Ponormayovu çağırdılar, bizi yox. İqor 1988-ci ildə Olimpiadaya da yollandı.
– Yunis Hüseynovun özünün də dediyinə görə, Olimpiadaya getməli olsa da, yerinə məhz Ponomaryov aparıldı…
– Xeyr, belə bir şey olmayıb. Danışır da. Yunis hələ cavan idi. Olimpiya millisinə daha güclü oyunçular çağılırdı. Yunis o vaxt nə səviyyədə oynayırdı ki? Mən peşəkar futbolçu idim, 500 nəfərin içindən SSRİ-də 33 ən yaxşı sırasına düşmüşəm, onlar arasında da 3-cü olmuşam. Özü də dünya çempionatının keçirildiyi 1986-cı ildə. Sırf azərbaycanlı olduğum üçün həmin turnirə aparılmamışam. “Spartak” və ya “Dinamo”da çıxış etsəydim, DÇ-86-ya gedərdim. Belanov necə bu turnirə yollandı? “Çernomorets”dən Kiyev klubuna keçdiyinə görə. Yoxsa onu da aparmayacaqdılar.
– 1979-cu ildə Əhməd Ələsgərovun vaxtında Naxçıvanda oynamısınız…
– Bəli, hərbi xidmətdən olarkən SKA-də (OİK – Ordu İdman Klubu) çıxış etdim, sonra isə “Araz”a keçdim. Bizdə burada silahlı qüvvələr arasında turnir keçirilirdi. Almaniya Demokratik Respublikası, Rumıniya, Bolqarıstandan komandalar gəlirdi. Bir sözlə, sosialist ölkələrdən. SKA-nın kapitanı idim. Qazandığımız kuboku general Popova təqdim etdim. Dedilər ki, gedin, “dembel” olanda gələrsiniz. Halbuki SKA buna qədər kubok görməmişdi. Sonra məni Moskva ÇSKA-sına aparmaq istəyirdilər, Altıağaca qaçdım. Ponomaryov və Axanovu göndərdilər, mən isə gizlənib getmədim. Onsuz da 1200 metr hündürlükdə Altıağacda hərbi xidmət keçirdim.
– Necə oldu ki, “Neftçi” və “Çernomorets”də baş məşqçi kimi ciddi uğurlar əldə edən Əhməd Ələsgərov məhz “Araz”a gəldi?
– Onu bu kluba Ulu Öndərimiz gətirdi. O zaman “Neftçi”nin baş məşqçisi İqor Netto idi. Komanda çox zəif oynayırdı, Yüksək Liqanı tərk etməsinə az qalırdı. Baxmayaraq ki, heyət yaxşı idi, təkcə mən və baş məşqçi Əhməd Ələsgərov yox idik. “Neftçi” birinci dövrədən sonra cəmi 9 xal topladı. Nettonu yola saldılar, müvəqqəti olaraq Ruslan Abdullayev baş məşqçi əvəzi qaldı. Bunlar hamısı tarixdir, olan şeyləri danışıram. Mən futbolu 10 deyil, 20 barmağım kimi bilirəm. Ələsgərov “Araz”dan “Neftçi”yə gəldi, Pavlenko, Sapojnikov, Kaçur kimi futbolçuları da özüylə gətirdi. Əhməd müəllimin “ağ-qaralar”a qayıdışında da Heydər Əliyevin böyük rolu oldu. “Araz” Ələsgərovun başçılığı altında 2-ci Liqadan 1-ci Liqaya yüksəlməyə yaxın olsa da, “Nefçi”nin elitada yerini qoruması qat-qat önəmli idi. Əhməd müəllim mənə də özü ilə getməyi təklif etdi, Cavadovla yaxşı tandem təşkil edə biləcəyimizi söylədi. Mənim də ən çox İsgəndərlə oyunum alınırdı. Banişevski, Elbrus Abbasov, Füzuli Cavadov artıq yaşlanmışdı və komandaya fayda verə bilmirdi. Naxçıvanda mənə “QAZ-24” verdilər, onda qiyməti 15 700 rubl idi. Bu maşını alan ən gənc futbolçuydum – cəmi 20 yaşımda. Allah rəhmət etsin Muxtar Respublikanın sabiq Baş prokuroru, ədliyyə general-mayoru Həbib Rzayevə, mənə Naxçıvanda həmçinin bir maşın və bir ev də verdi. Əhməd müəllim məni “Neftçi”yə çağırdı. “Araz”dan ayrılmaq istəmirdim, komanda da 1-ci Liqaya vəsiqə qazanmağa yaxın idi. Oradakı azarkeşlər məni çox sevirdi. Stadionda paltardəyişmə otağına aparan tunel yox idi, komanda uduzanda fanatlar az qala oyunçuları öldürürdü. Mən də məğlub olmağı bacarmırdım, qələbələr üçün əlimdən gələni edirdim. Azarkeşlər məni alqışlayırdı, necə can yandırdığımı görürdü. “Araz”da çıxış etdiyim vaxt mənə nə qədər saat, maqnitofon və s. hədiyyə etdilər. Bir dəfə Stepanakert “Qarabağ”ı ilə qarşılaşırdıq, baş məşqçiləri Əli Əbilzadə idi. 50 illik yubileyini qeyd etməyə hazırlaşırdı. Bizimkilərə dedi ki, məni təbrik etmək istəyirsinizsə, heç-heçə oynayaq. Bu sözlərini mənə çatdırdılar. Ona yaxınlaşıb cavab verdim ki, biz burada 1:0 qalib gəlsək azarkeşlər bizi öldürər, hansı bərabərlikdən danışırsan? Özü də baş məşqçisi azərbaycanlı olan Stepanakert “Qarabağ”ı ilə matçda! Ordubaddan bir seyid dostum var idi, onlara dincəlməyə getmişdim. Xəbər gəldi ki, Baş prokuror məni axtarır. Prokurorluğa getdim, mənə dedilər ki, “Qarabağ” iki gün əvvəl gəlib, hər yerdə “Araz”a 3-5 qol vuracaqlarını bildirirlər. Orada da “Ararat”ın keçmiş futbolçuları çıxış edirdi. Artıq yaşlanmışdılar, hərəsinə bir “QAZ-24” hədiyyə olunmuşdu. Cavab verdim ki, Həbib müəllim, təklif verin, qələbə qazansaq, nə verəcəksiniz? Deyin ki, qol vurana, məhsuldar ötürmə edən, top buraxmayana və s. bu qədər pul ödəniləcək. Hər qol vurana 1500 rubl verəcəyini söylədi. Oyuna çıxdıq, artıq 4-cü dəqiqədə başla qol vurdum. Azarkeşlər stadionu “dağıdırdı”. Sonra 20-25 metrdən yenidən rəqib qapısına yol tapdım. Qaçdım tribuna tərəfə, gördüm ki, Həbib müəllim də oradadır. Fikirləşdim ki, 3000 rubl artıq cibimdədir. Fasiləyə yaxın het-trik etdim. Bu, artıq 4500 demək idi. 7:2 hesabıyla qalib gəldik, komandanın 3 qolunu mən vurdum. Rəqib dəli olmuşdu. Karyeramda ikinci het-trikə isə artıq “Neftçi”nin heyətində 1983-cü ildə Tiflis “Dinamo”su ilə matçda imza atdım.

– Sonra “Neftçi”yə gəldiniz…
– “Araz”dakı missiyam başa çatdı, Bakıya yollandım. “Neftçi” “Krılya Sovetov”la üz-üzə gəlirdi. Mən də ilk dəfədir Yüksək Liqa matçına çıxıram. Rəqibin heyətində bakılı olan Sidorov oynayırdı, onu da “Neftçi”yə gətirmək istəyirdilər. Ponormayovun gözəl ötürməsindən sonra matçda son qolu vurdum, 3:0 hesabı ilə qalib gəldik. Bu qələbə sayəsində elitada qaldıq.
– “Neftçi” 1988-ci ildə ildə təşkil olunmuş Federasiyalar Kubokunda iştirak etdi. Komanda finalda qrupda da qarşılaşdığı Qazaxıstan “Kayrat”ı ilə üz-üzə gəldi. Kişinyovdakı həmin həlledici oyunda meydanda olmusunuz?
– Bəli, finalda çıxış etmişəm. 1:4 hesabıyla uduzmuşduq.
– Bu, “Neftçi”nin SSRİ dönəmində kubok qazanmaq üçün cəmi 5-ci imkanı idi. Komanda 50 ilə yaxın müddətdə 4 dəfə ölkə kubokunun yarımfinalına yüksəldi. Eyni zamanda, nəinki Yüksək, hətta 1-ci Liqanın qalibi ola bilmədi. Sizcə, problem nə idi?
– Asiya zonasında mübarizə aparan “Paxtakor” kimi komandaların çox güclü futbolçuları var idi. Mənim kimi olmasa da, İsgəndər səviyyəsində qol vurmaq hissiyatları olub. Məsələn, “Kayrat”dan Yevstafi Pexlevanidini xatırlaya bilərik. Ümumən həmin komandalar bizdən üstün deyildi. Ancaq bizim müdafiə xəttimiz ağır idi. Bu barədə hələ o vaxt İsgəndərlə də danışmışdıq. “Neftçi”yə qol vurmaq çox rahat idi. Biz rəqib qapısına yol tapsaq da, asan qollar buraxırdıq. Düzdür, futbolda komanda qalib gəlir və məğlub olur. Sadəcə, deməyim odur ki, balans yox idi. Hücumumuz güclü, müdafiəmiz problemli idi. Bir dəfə Almatıda 1:0 qalib gəlirdik, İsgəndər qol vurmuşdu. Amma sevincimiz çox çəkmədi. Rəqib elə mərkəzdən başlayan kimi hesabı bərabərləşdirdi, yekunda isə məğlub olduq – 1:3. Sonra Bakıda “Kayrat”ın dərsini verdik – 6:0! “Neftçi”nin Yüksək Liqada ən böyükhesablı qələbəsi oldu. Həmin oyunda qollardan birini mən, birini İsgəndər vurdu.
– “Paxtakor”un aviaqəzaya düşdüyü 1979-cu ilin avqustundan 1 ay əvvəl “Neftçi” bu komandaya evdə uduzdu. Hətta matçdan sonra azarkeşlər stadionu da yandırdı. Onda sizə hələ “Araz”daydınız, yoxsa “Neftçi”yə keçmişdiniz?
– Artıq “Neftçi”dəydim. Bakıda 0:1 hesabıyla məğlub olmuşduq.

– 1981-ci ildəTiflis “Dinamo”su Kuboklar Kubokunu qazandı. “Neftçi” Yüksək Liqada həmin mövsüm Bakıda bu rəqibə qalib gəldi (1:0), səfərdə isə heç-heçə etdi (1:1).
– Bəli, özü də “Dinamo” Kuboklar Kubokunda İngiltərənin “Vest Hem” və Niderlandın “Feyenoord” klublarını mübarizədən kənarlaşdırdı. Lakin o mövsümdə bizi üstələyə bilmədilər. Hətta Əhməd Ələsgərov demişdi ki, məni gecə saat 3-də yuxudan oyadıb kiminlə oynamaq istədiyimizi soruşsalar, “Dinamo” ilə səfərdə” cavabını verərəm. Bu rəqibə qalib gələcəyimizi söylədik və bunu bacardıq. Sadəcə, 1982-ci ildə Əhməd müəllim və İsgəndər Cavadov “Neftçi”dən getməsəydilər, növbəti mövsüm mükafatçılar sırasına düşəcəkdik. 1981-ci ildə SSRİ çempionatında 8-10-cu yerləri bölüşdürmüşdük.
– Əhməd Ələsgərov 1982-ci ildə “Neftçi”dən niyə ayrıldı? Bu, Heydər Əliyevin yeni vəzifəsi ilə bağlı Moskvaya getməsiylə bağlı idi?
– Əhməd müəllimə Azərbaycanı tərk etməsi üçün 24 saat vaxt verildi. Federasiyada və başqa yerlərdə işləyən dost bildiyi insanlar onun “torbasını tikdilər”. Onlara Ələsgərovun bu postdan getməsi mütləq lazım idi. Yerinə isə Kazbek Tuayevi təyin etdilər. O, yaxşı futbolçu olsa da, baş məşqçi kimi Əhməd müəllimin səviyyəsində deyildi. Ələsgərov isə Moldova “Nistru”suna yollandı.
– 1986-cı ildə SSRİ-də 33 ən yaxşı oyunçu arasına düşmüsünüz…
– Azərbaycanlı futbolçu üçün bu, çox böyük uğur sayılırdı. Dünya çempionatı keçirilən il SSRİ millisinə düşməyə namizəd idim. Futbolçulara ən yaxşı qiyməti verən xalqdır. Mən harasa gedəndə həmişə kabinetdə deyil, açıq məkanda otururam. Məni qaldıran millətim olub. Heç vaxt da gizlənməmişəm.
– SSRİ Olimpiya millisində də çıxış etmisiniz…
– Bakıda yığmanın heyətinə dəvət aldım. “Neftçi” ilə oyun keçirdik, hətta orada da baş məşqçi Anatoli Bışovets məni əvəzetmədən meydana daxil etdi. Onda azərbaycanlı futbolçuları xoşlamırdılar. Sonra da seçmə mərhələdə Rumıniya ilə qarşılaşdıq. Mən, İsgəndər Cavadov, Sarkisyan, Xaçaturyan, Mxitaşvili, Çediya – qafqazlı 6 futbolçu ehtiyatda qaldıq. Dedilər ki, nə edək? Cavab verdim ki, SSRİ formasında şəklimizi çəkdirək, çünki belə getsə, ehtiyat skamyada qalacağıq. Start heyətində rusiyalı və ukraynalılar oynayırdı. İlk “11-lik”də Kiyev “Dinamo”sunun üç yarımmüdafiəçisi – Rats, Yakovenko və Yaremçuk çıxış edirdi. Sonra İtaliyaya yollandıq. Mən komanda ilə getdim, İsgəndəri aparmadılar. 1 ay orada təlim-məşq toplanışı keçdik. Florensiyadakı bazada qalırdıq. Gedib oraları, Roberto Bacconu görəndə düşündüm ki, əsl futbol buradadır, qayıtmayım, elə burada qalım. DÇ-82-nin qəhrəmanı olan Paolo Rossinin heykəlini də qoymuşdular. Həbsxanada yatasan, çıxasan, sonra da dünya çempionatında o cür oynayasan. SSRİ-də Eduard Streltsov da elə olub. Halbuki o, mundiala yollana bilmədi. Rossi isə həm DÇ-82-nin qalibi, həm də vurduğu 6 qolla bombardiri oldu. Biz 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatına baxmağa getmişdik. Bakıda doğulan və vaxtilə “Neftçi”də çıxış edən Vladimir İvanoviç Mixalevski ora getməyimizə kömək etmişdi. Mən, Toqif Abbasov, Səməd Qurbanov, Valeri Hacıyev, Rüstəm Rəhimov, Asim Xudiyev… Final, yarımfinal, 1/4 final – bütün ən maraqlı oyunları izlədik.

– Karyeranızı 1989-cu ildə – 30 yaşında bitirməyinizin səbəbi zədələr oldu?
– Yox. Sadəcə, artıq müstəqilliyə doğru getməyimizi hiss edirdim. 1988-ci ildən başlayan prosesləri görürdüm. Həm də İsgəndər, Ponomaryov, Kramarenko, Asif Əliyev, Səməd Qurbanov “Neftçi”dən getmişdi. Düşündüm ki, mən də karyeramı bitirim. Şərait də yaxşı idi: Ulu Öndər mənə hər şey vermişdi.
– Futbolsuz qaldığınız illərdə nə işlə məşğul oldunuz?
– “Neftçi” komission mağazam var idi, Bakıda ən birinci mən açmışdım. Elə indi də oranı işlədirəm. Şakir Qəribov, Asif Əliyev, Mixalevski, Rəşid Özbəyov, Mübariz Zeynalov, Füzuli və İsgəndər Cavadovlar orada işləyib. Mən rəhbər, onlar da rəhbərin dostları idi. Böyük dükandır, İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşir.
– Qısamüddətli məşqçilik fəaliyyətinizi necə dəyərləndirərdiniz? Niyə bu sahədə daha çox çalışmaq istəmədiniz?
– Klub rəhbərlərinə deyirəm ki, istənilən komandanı 6 aya düzəldə bilərəm. Təəccüblə məndən bunu necə edəcəyimi soruşanda isə cavab verirəm ki, işləsəm, görərsiniz. Gənclərdən ibarət ollimpiya millisinin baş məşqçisi olmuşam. Sadəcə, rəhmətlik atam söyləyirdi ki, sözün bir yerdə keçmirsə, yerini dəyiş. Səbəb bu idi.
– AFFA-da bu vaxta qədər heç bir vəzifə tutmamısınız…
– Yox, belə deməyək. Mən indi də bu qurumda işləyirəm… Bilirsiniz, futboldan danışırıqsa, AFFA-nın prezidenti sabiq futbolçu olmalıdır. Bizdə belə deyil. Ən böyük şansım Prezident İlham Əliyevlə Xankəndidəki görüşüm zamanı oldu. Ona demək istəyirdim ki, niyə bizim milli böyük turnirlərə vəsiqə qazana bilmir? Çünki rəhbər postları keçmiş futbolçular tutmur. Lakin buna imkanım olmadı.

– Niyə Azərbaycanda indiyə qədər sabiq futbolçuların bu vəzifələrə gəlməsinə imkan yaradılmayıb?
– Bunu deyə bilmərəm. Rəhmətlik Rasim Balayev kimi böyük aktyorumuzu da uzun illər mədəniyyət sahəsində çalışmadı. Allah Zeynəb Xanlarovaya can sağlığı versin, cənab Prezidentlə görüşdə “Nəsimi haqda danışırıq, amma burada Rasim Balayev yoxdur” dedi. İlham Əliyev isə mədəniyyət nazirinə “Niyə yoxdur” sualını verdi. Balayev 9 il evindən çölə çıxmırdı. Cənab Prezident ona zəng vurdu. Sonra Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi.
– Azərbaycan Regional Futbol Federasiyasında fəaliyyət göstərirsiniz. Bu qurumun futbolumuzun inkişafına töhfəsi nədən ibarətdir?
– Hər bir şeyin öz çəkisi, mənası var. UEFA, FIFA abreviaturların açıqlaması nədir? Ya da bizim vaxtilə oynadığımız ağ-qara topun? Qalib gələndə üzün ağarır, məğlub olanda qaralırdı. İndi heç elə top yoxdur. AFFA-da yüksək vəzifədə olsaydım, İsgəndər Cavadovun adına top, Maşallah Əhmədovun adına futbolka buraxardım. Necə lazımdırsa, reklam edərdim. Futbolu dərindən bildiyimə görə, marketinq işinə böyük diqqət ayırardım. Fuad Musayevin dönəmində Yüksək Dəstədə ilk mövsümdə 26 komanda mübarizə aparırdı. Baxmayaraq ki, müstəqilliyimizin ilk illəri idi, pul yox idi.
– İnternetdə belə bir fikir səsləndirdiyiniz iddia olunur: “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyirdim. İndi mənim aylıq maaşım 500, dünən futbola gələn uşağın məvacibi 12000 manatdır”.
– Yox, yalan söhbətdir. Futbolda əsas pul deyil, bunu üstün tutmaq olmaz. Səmimiyyət, keyfiyyət, işdən danışmaq lazımdır. Bunlar olanda pul artıq sonuncu çatışmayan şeydir. İşini bilən, səmimi və kefiyyətli insanlar həmişə həyatda uğur qazanır. Bu da elə pul deməkdir. Səhərdən axşama kimi pulla məşğul olan insanların isə pulsuz qaldıqları vaxt bağrı çartlayır. Mənim, İsgəndərin və o dönəmdə çıxış edən futbolçuların pula meyli olmayıb. Biz SSRİ dövründə pula görə oynamamışıq, futbolu düşünmüşük. Bizim şöhrətimiz olub, millət bizi sevib.
– Amma “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəmisiniz?
– Bəli, dostum olan Gəncənin icra başçısı Niyazi Bayramovun yanına da getmişdim. Ona Gəncədə futbolu düzəltmək istədiyimi demişdim. Hətta Gəncə stadionuna mənim adımın verilməsini təklif etmişdim. Mən buna layiqəm. Adıma stadion da, küçə də, məktəb də ola bilər. Azərbaycanın o qədər güclü futbolçusu olmuşam ki, mənim tarixim olmalıdır. Mənə öz millətim qiymət verməsə, kim verəcək? O gün “Sabah” – “Neftçi” oyununa baxdım. Masazır təmsilçisini çempionluq münasibətilə təbrik edirəm. Hər dəfə “Qarabağ” olmayacaq ki… Lakin demək istədiyim odur ki, niyə orada himnimiz səslənmədi, bayrağımız hər futbolçunun çiynində görünmədi? Bircə “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun çiynində milli bayrağımızı gördüm. Legionerlər də öz bayraqları ilə çıxdılar. Bunu doğru saymıram. Məsələn, mən azərbaycanlıyamsa və Almaniyada oynayıramsa, mükafatlandırmaya hər iki bayraqla çıxmalıyam. Çünki orada çempion olmuşam, öz dövlətimdə yox. “Sabah”ın legionerləri də Azərbaycan bayrağı ilə çıxmalıydılar.
– Niyazi Bayramov təklifinizə necə cavab verdi?
– Ona dedim ki, 6 aya komandanı düzəldərəm. “Kəpəz”in ilk “3-lük”də olmasını istəyirsinizsə, gəlib futbol biliyimi, düşündüklərimi orada həyata keçirə bilərəm. Hətta 3 aydan sonra Gəncə klubun inkişafını görəcəksiniz. Bu söhbət 2023-cü ildə olub. Niyazi müəllim də cavab verdi ki, İsgəndər Cavadov oradadır. Mən də söylədim ki, o varsa, daha mən nəyə gəlim? Mənə pul lazım deyil, öz işim var. Regional Futbol Federasiyasında vitse-prezidentəm.
– Haqqınızda cinayət işi açılmışdı. Necə oldu ki, belə vəziyyətlə üzləşdiniz?

– 2012-ci ildə dostum Vilyam Hacıyev İmişlinin icra başçısı seçildi, mən də onu təbrik etməyə getdim. O da dedi ki, gəl abadlıq işlərini sənə həvalə edim. Mən də razılaşdım. İmişlidə böyük işlər gördüm, axırda Vilyam mənə 415 min manat borclu qaldı. Orada da yaxşı dostlarım var idi: İmişlinin ovaxtkı icra başçısının birinci müavini, polis rəisi, prokuroru və s. Vilyam mənə “bu gün-sabah” deyə-deyə pulumu vermədi. Ümumi 700 min manat idi, cəmi 285 min verdilər. Vilyam da borcumu qaytarmamaq üçün üzümə duran bir nəfər tapdı. Axırda məsələni tam araşdırdılar, mən də bəraət alıb azadlığa çıxdım. 6 ay həbsxanada qaldım. Ağır Cinayətlər Məhkəməsinə düşdüm, orada da sözümü dedim. Bir sözlə, məni bir qədər incitdilər, indiyədək başıma belə bir iş gəlməmişdi. Bunu da edən dostum olub. Hazırda isə heç kimə ehtiyacım yoxdur, ailə başçısıyam, 4 nəvəm var.
– Həmin 415 min manat borcu sizə qaytardı?
– Yox, vermədi.
– Bəraət almağınızdan sonra sizə 6 ay həbsxənada qaldığınıza görə təzminat ödənildi?
– Bəli, dövlət tərəfindən. Lakin məbləğ elə də yüksək deyildi.
– Həbsxana günləriniz çətin keçdi?
– Kürdəxanıda qalırdım. Allah düşməni də ora salmasın. Düzdür, həbsxanada mənə hörmət edirdilər. Hər səhər 6:30-da oyanıb oranın ərazisində məşqə gedirdim. Ancaq yenə də şərlənmək ayrı şeydir… Əlbəttə, özümdə də günah oldu. Dost bildiyim adama inanmaqla səhvə yol vermişəm. Amma yenə də Vilyam gərək belə etməzdi. İşimi görmüşəmsə, pulu ödəməli idi.
– Bildiyimə görə, Moskvadakı bəzi futbolçular sizə dəstək olmaq üçün hətta cənab Prezidentə məktub ünvanlamışdı…
– Bəli, ən yaxın dostum Vladimir Mixalevski başda olmaqla. Orada Valeri Qazzayev, hətta erməni Eduard Markarovun imzası var idi. Onlar mənə çox dəstək oldu.
– “Neftçi” və “Kəpəz” arasında seçim etməli olsanız, hansına üstünlük verərdiniz?
– “Kəpəz” də, “Neftçi” də mənə doğmadır. Gəncədə doğulmuşam, orada futbola başlamışam, sonra Bakıya gəlmişəm. “Kəpəz”də ciddi problemlər yaşananda çox narahat oluram. Çünki bu klub mənim, İsgəndər Cavadovun, Şakir Qəribovun, Novruz Əzimovun, Mehman Allahverdiyevin, Asif Əliyevin, Sergey Kramarenkonun, Nurəddin Əliyevindir. Biz orada nəfəs almışıq, oynamışıq. Bizə böyük futbolu bəxş edən “Neftçi” və “Kəpəz” olub. Bütün həyatımızı bu klublara həsr etmişik. Vallah, anam rəhmətə gedəndə xəbərim olmayıb, futbol oynamışam. Qardaşımın toyuna məni klubdan buraxmayıblar. Azərbaycan futbolunun gələcəyi və inkişafı məhz keçmiş futbol ulduzlarımızın, mütəxəssislərimizin əllərində olmalıdır. Ona görə cənab Prezidentə müraciət edirəm ki, futbolumuzun inkişafı üçün keçmiş futbol ulduzlarına üstünlük verilsin.
– “Kəpəz” və “Neftçi” oynayanda ürəyiniz daha çox hansı komanda ilə döyünür?
– “Kəpəz”lə. Ona görə ki, mənə futbol oynamağı Gəncə torpağı öyrədib. Bunun sayəsində “Neftçi”yə düşmüşəm.
– “Neftçi”nin bumövsümkü çıxışını necə dəyərləndirirsiniz?
– Yuri Vernidubun gəlişindən sonra çox gözəl oynayırlar. Bizim məşqçilərimiz çoxdur, buna sevinirəm. Futbolçularımız da var, hər komandada 3 legioner olsa, bəsdir. Vaxtilə biz Fuad Musayevin AFFA-nın prezidenti postunu tutmasına kömək edik. O isə Fətulla Hüseynov, Oqtay Zeynalov və s. futbol adamları olmayanları gətirməklə böyük səhv etdi. Orada İsgəndər Cavadov, Banişevski, Rüstəm Rəhimov, mən və başqaları olmalıydı.
TAHİR MİRZƏ







