“Sabah”la yeni müqavilə imzalayan Coy Lens Mikelsin adı bir neçə gün əvvəl Türkiyə klubu “Bursaspor”la birgə hallanırdı.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, I Liqa təmsilçisinin rəsmisi Enbiya Topal məsələyə münasibət bildirib. O, Mikelsin heç vaxt “Bursaspor”un transfer gündəmində olmadığını açıqlayıb. Lakin klub rəsmisi “Neftçi”dən yenicə ayrılan Vensan Abubakarla maraqlanmaları ilə bağlı verilən sualı cavabsız qoyub. O, sadəcə transfer çalışmalarını davam etdirdiklərini deyib.
Qeyd edək ki, Coy Lens Mikels “Sabah”la yeni 2 illik sözləşmə bağlayıb. “Bursaspor” isə hələlik “Qarabağ”dan Toral Bayramovu heyətinə qatıb.






