AFFA milli komandalar üçün seleksiya işlərini davam etdirir. Qurum yalnız kişi futbolçularla kifayətlənməyərək, qadın futbolunda da ölkə xaricində çıxış edən azərbaycanlı oyunçuların axtarışını genişləndirib.

Futbolinfo.az saytının məlumatına görə, AFFA-nın Qadın Futbol Departamentinin bu istiqamətdə apardığı işlər artıq nəticə verməyə başlayıb. Xüsusilə aşağı yaş qrupu millilərinə yeni futbolçuların cəlb olunmasına diqqət yetirilir.

Aparılan axtarışlar nəticəsində Almaniya və Rusiyada çıxış edən iki futbolçu müəyyənləşdirilib. Bunlar Almaniyanın “Qreyter Fürt” klubunun yarımmüdafiəçisi Sara Babayeva və Rusiyanın “Krılya Sovetov” klubunun orta sahə oyunçusu Səbinə Şərəfxanovadır. Hər iki futbolçu 2010-cu il təvəllüdlüdür.

Səbinə Şərəfxanova artıq Bakıda keçirilən U-16 qızlar arasında UEFA İnkişaf Turnirində Azərbaycan millisinin heyətində debüt edib. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarından dəvət alsa da, seçimində Azərbaycanı üstün tutub.

Sara Babayevanın da sözügedən turnirdə iştirakı planlaşdırılsa da, təhsil aldığı məktəbdən buraxılmadığı üçün komandaya qoşula bilməyib. Futbolçunun növbəti toplanışlara dəvət ediləcəyi gözlənilir.

Shares: