“Qəbələ” baş məşqçi postunda dəyişikliyə getməyəcək. Klub rəhbərliyi, mövsümü bərbad keçirməsinə rəğmən, Kaxaber Sxadadzeni postunda saxlamaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssisə daha bir şans veriləcək. Yeni mövsümün əvvəlindəki nəticələr isə Sxadadzenin taleyində önəmli rol oynayacaq. Komanda yenidən autsayderlər qrupunda qərarlaşsa, dəyişiklik qaçılmaz olacaq.
“Qəbələ” hələlik heyətdə islahatlar aparmaq niyətindədir. Yaxın günlərdə bəzi legionerlərlə bağlı qərar veriləcək. Özünü doğrultmayan İbrahim Sanqare, son vaxtlar heyətə düşməyən Eduardo Kunde yola salınacaq. Seydina Keyta və daha bir neçə əcnəbinin də yola salınması mümkündür.
Yerlilərlə bağlı vəziyyət fərqlidir. Klub rəhbərliyi hazırda komandada olan əksər oyunçuları saxlamaq niyyətindədir. İcarə müqaviləsi bitdiyi üçün “Neftçi”yə qayıdan Rza Cəfərovun vidası dəqiqdir. Daha kimlərin yola salınacağı isə yeni transferlərdən asılı olacaq.





