Ötən mövsüm “İmişli” Misli Premyer Liqasına vəsiqə qazananda, çoxları bu komandanın gəldiyi kimi geri qayıdacağını düşünürdü. Amma stadion problemlərinə rəğmən Mil-Muğan zonasının komandası hamını təəccübləndirdi. Təbii ki, burada portuqaliyalı mütəxəssis Jorje Kaşkilyanın əməyini xüsusi qabartmaq lazımdır. Klub rəhbərliyi onun əziyyətinin bəhrəsindən daddı.

Buna baxmayaraq, klub stadion hoqqalarına görə ciddi tənqidlərə məruz qaldı. Məsələ ondadır ki, gələn mövsüm də eyni söz-söhbətlər davam edəcək. Çünki “İmişli”nin doğma rayona qayıtmaq ehtmalı yoxdur.

Təbii ki, belə məqamda Milli Məclisdə İmişlini təmsil edən millət vəkili Razi Nurullayevin məsələyə münasibətini öyrənmək pis olmazdı. Onunla görüşmək imkanı əldə etdimsə, sorğu-sualın “diapazon”unu genişləndirməli idim…

– İdmana marağınız hansı səviyyədədir?

– Özüm idmanla məşğul oluram, marağım da kifayət qədər yüksəkdir. Təəssüf ki, indi siyasi-ictimai işlərim çox olduğuna görə, idmanla tam olaraq maraqlana bilmirəm. Televizorda ən çox baxdığım idman növləri tennis, fiqurlu konkisürmə, hokkey və futboldur. Amma son zamanlar buna vaxt ayırmaq çətin olur.

– Bir müddət ABŞ və Kanadada yaşamısınız. Orada idmana marağınızı nə dərəcədə inkişaf etdirmisiniz?

– Xaricdə yaşadığım zaman idmana vaxt ayırmaq imkanım olmayıb, çünki fikrimi təhsilə yönəltmişdim. Həmin illərdə sadəcə dünya çempionatlarını, Olimpiya Oyunlarını, məşhur idmançıları yaxından izləyirdim. Xarici ölkələrdə ən çox getdiyim yerlər teatrlar olub.

– 1995-ci ilin may ayından noyabra qədər Bakıda “Hyatt Regency” hotelində VIP qonaqlarla iş üzrə çalışmısınız. O zaman hansısa məşhur idmançılarla görüşmüsünüz?

– Açığı, 1995-ci il Azərbaycanın ən çətin vaxtlarından biri idi. “Hyatt Regency” qonaqları normal şəkildə qəbul edə bilən yeganə hotel sayılırdı. Həmin illərdə ölkəmizdə ciddi turnirlər keçirilmirdi. Azərbaycanın idman və mədəni həyatı, demək olar, yox dərəcəsində idi. Buna görə o zaman hansısa məşhur idmançılarla qarşılaşdığımı xatırlamıram.

– 2024-cü ilin avqustunda yataqda idman hərəkətləri etməyiniz sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. İdmanı sevən insan kimi bunun rezonans doğuracağını gözləyirdiniz?

2024 08 15 19 09 17TwkSiqZomqmUPNoyNtRL file - Futbolinfo.az

– Düzü, hər hansısa hərəkəti edən vaxt buna sonradan necə reaksiyanın gələcəyini düşünmək çətin olur. O zaman bu haqda fikirləşməmişdim. Lakin hazırda artıq bir çox hərəkətlərimə diqqət etməli oluram, çünki cəmiyyət hansısa xoş hadisəni də mənfi cəhətdən yoza bilər. Buna görə siyasətlə məşğul olan adamlar daha ehtiyatlı davranmalıdır. Həmin videonun məqsədi bədənində yırtıq olan insanlara necə enerji aldığımı və özümü ayaqda saxlamağımı göstərmək idi. Əslində, əksəriyyəti bunu xoş qarşıladı. Ancaq insanları pis tərəfə yönəltməyə çalışanlar da həmişə var. Bir çoxları da hər şeydə maraq axtarır deyə, lağ etməyə, başqa fikirlər bildirməyə başladı. Bu, məni narahat etmir. Mən doğru bildiklərimi edirəm.

– Bu mənada Avropada sərbəstlik var, məsələn, məşhur insanlar küçədə velosiped sürür və s. Bizdə isə fərqli yanaşmadır…

– Avropada siyasətçilər, vəzifəli şəxslər də çox sadə həyat tərzi sürür. Onlar bahalı evlərə, maşınlara, restoranlara meyillənmir. Bəzən həyatları seçicilərinin həyatlarından fərqlənmir, onlarla qaynayıb-qarışırlar. Bu, mənə daha xoş gəlir, nəinki hər gün bahalı kostyum geyinmək, qalstuk taxmaq, rəsmi görünmək. Bu planda Avropada siyasətçilər daha sərbəstdir, seçicilər də onları belə qəbul edir. Amma bizim mədəniyyətimiz, mentalitetimiz, insanların düşüncə tərzi fərqlidir. Biz siyasətçilər də gərək bu məqamları nəzərə alaq. Hərdən bunu etməyəndə isə dediyiniz hadisələr baş verir.

– Üzməyi çox yaxşı bacarırsınız, hətta bu barədə instaqram hesabınızda da paylaşmısınız. Bunu harada öyrənmisiniz?

– Bəli, yaxşı üzə bilirəm. Düzdür, gərək daim məşq edəsən, çoxdandır buna vaxtım olmur. Elə uşaqlıqdan öyrənmişəm, çünki kənddə böyümüşəm. Yaxınlıqda çay axırdı, özümüzü o palçıqlı, bulanıq suya atıb üzürdük. Sonra Bakıya gələndə iki ay məşqçilərin yanına getdim, düzgün nəfəs alıb-verməyi və gücümü bölüşdürməyi öyrəndim.

– Sonuncu dəfə nə zaman futbol oynamısınız?

1706511844 1595937372 razi nurullayev 190b69ab 472f 4f82 be6f 39f9a7d8aee resize 750 - Futbolinfo.az

– Təxminən 5 il bundan əvvəl. Mənfi cəhətim budur ki, futbol oynayanda az qala özümə qəsd edirəm. Bir çox dost-tanış mənə deyir ki, çempion olacaqsan və ya buna görə sənə maaş verəcəklər? Niyə özünü öldürürsən? Qolun-qıçın sınsa, sənə kim baxacaq? Oyun vaxtı özümü unudub bütün gücümü səfərbər edirəm. Buna görə ayağımı, qolumu, barmaqlarımı qırmışam, yıxılmışam. Uşaqlıqda bəzən evə Silvester Stallonenin “Rembo” obrazı kimi qan içində gəlirdim. Futbol oynayanda insan özünü unudur, sonra peşman olursan ki, axı niyə ehtiyatlı davranmadım?

– Qol vurmaq, driblinq etmək, məhsuldar ötürmələr verməklə aranız necədir?

– Bunları bacarırdım. 11 metrlik zərbələri çox yaxşı yerinə yetirirdim. Driblinqlə də seçilirdim.

– Milli Məclisin millət vəkillərindən və aparatın əməkdaşlarından ibarət komandası bu yaxınlarda Türkiyədə keçirilən Türk Dünyası Parlamentlərarası turnirində 2-ci yeri tutdu. Onlarla birgə iştirak etmək üçün təşəbbüsünüz olmadı?

– Təəssüf ki, parlamentin futbol komandasının olmasından xəbərim yox idi. Bu, mənim səhvimdir. Mənə təklif olunmadı, özüm də bilməmişəm. Hərdən deyirəm ki, oynayanda mənə də deyin. Həmin xəbəri isə sizin kimi mən də saytlardan oxudum. Bir tərəfdən də sevinirəm ki, getmədim. Çünki bəlkə yenə də qolum-qıçım sınacaqdı. İndi zədələnmək istəməzdim.

– Ötən ilin iyulunda çimərlik futbolu ərazisində çıxışınız oldu. Orada idmanla məşğul olmağın faydalarından danışdınız. Tez-tez belə tədbirlərə dəvət alırsınız?

– Əvvəllər daha çox idi, demək olar, həftədə 2-3 təklif gəlirdi. Son vaxtlar bu cür dəvətlərin sayı azalıb.

515014283 1283251973196803 2991407088079824397 n - Futbolinfo.az

– İmişli Olimpiya İdman Kompleksinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

– Tam yüksək səviyyədə işlədiyini deməzdim, ancaq fəaliyyət göstərir. Oranın düzəlməsi üçün bir zamanlar gənclər və idman naziri ilə görüşdüm. Sağ olsun, ondan və nazirlikdən qətiyyən narazılığım yoxdur. Ümumiyyətlə, olimpiya kompleksləri biznes-plan əsasında fəaliyyət göstərməlidir. Özləri pul qazanmalı, təmir etməli, yarışlar keçirməli, kütləvi tədbirlər cəlb etməlidir. Dövlət büdcəsindən həmişə onlara pul ayrılmayacaq. İmkansızlara da şərait yaradılmalıdır ki, gəlib pulsuz məşq etsinlər. Bütün bunlar İmişlidə hələlik tam yaxşı səviyyədə işləmir. Bunu etməyə çalışırlar, amma tam alındığını söyləməzdim. İmişlidəki Olimpiya qurğusunun Azərbaycanda ən yaxşı işləyən və tanınan kompleksə çevrilməsini istəyərdim.

– Eyni problemlər ölkəmizin hər bir Olimpiya Kompleksində var. İmişlidəki qurğunun həm biznes-plan əsasında, həm də pulsuz fəaliyyət göstərməsini istədiyinizi dediniz. Bu, necə alına bilər?

– Olimpiya Kompleksləri 100 faiz biznes obyektləri kimi işləməlidir. Lakin tutaq ki, bir şəhid övladı, əlil, kasıb, qazi, müharibə veteranı gəlirsə, bu kateqoriyalara aid olan insanlara pulsuz idmanla məşğul olmaları üçün şərait yaradılmalıdır. Çünki hamıya pullu sistemi tətbiq etmək də doğru deyil. Bu məsələyə bir az ehtiyatla yanaşmaq lazımdır.

– Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi kimi çalışan və İmişlidən olan Murad Fərzəliyevlə tanışlığınız var? Bu qurumun fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Xeyr, tanışlığımız yoxdur. MOK-un fəaliyyəti ilə yaxından tanış olmasam da, cənab Prezident İlham Əliyevin bu təşkilatın başçısı olduğunu bilirəm. Bu isə o deməkdir ki, qurumun fəaliyyəti yaxşı olmalıdır.

– Azərbaycanda İmişli futbolu deyiləndə, 2004-cü ildə yaranan “MKT-Araz” yada düşür. Komanda 2006-cı ildə İntertoto, 2007-ci ildə isə UEFA Kubokunda çıxış etdi. Daha sonra klub fəaliyyətini dayandırdı. Ardınca “Lokomotiv İmişli” adı altında mübarizə apardı, “Bakı”nın farm-klubu oldu. Sonradan “Mil-Muğan” adı ilə 1-ci Divizionda yarışdı. İndi isə “İmişli” Misli Premyer Liqasında oynayır. Ümumiyyətlə, bu bölgədə futbol nə dərəcədə sevilir?

– İmişlidə həqiqətən futbol ənənələri olub. Komandamız vaxtilə yüksək pillələr uğrunda mübarizə aparıb. Gözəl stadionumuz olub. Lakin təəssüf ki, sonradan 10 il və ya bir qədər daha çox durğunluq yaşanıb. O dönəmdə komanda həvəskar səviyyədə fəaliyyət göstərirdi. Sonra mən AFFA-da görüş keçirdim, xahiş etdim. Çünki bu bölgənin potensialına bələdəm. İmişlidə yenidən peşəkar futbolun yaranmasının təşəbbüskarı oldum. Ardınca klubun qeydiyyatdan keçirilməsi üzrə bütün işlərin mənbəyində dayandım. Bu işə can yandıran mütəxəssislərlə birgə çalışdım. Bütün gücümü qoyaraq bu məsələni, demək olar, təkbaşına həll etdim. Bir sözlə, İmişlinin yenidən peşəkar futbolu var, komanda yüksək liqada fəaliyyət göstərir. Bu bölgədə futbolun daha da inkişaf edəcəyini düşünürəm. “İmişli”nin Premyer Liqada daha yüksək yerlər tutacağına inanıram, bunun üçün lazımi potensiala sahibdir.

– “İmişli” 2025/26 mövsümündə Premyer Liqaya qayıtsa da, oyunlarını Qubada keçirməli oldu. Bir imişlili olaraq, bu, sizə pis təsir etdi?

Razi1112 - Futbolinfo.az

– Əlbəttə. Mən daim stadion məsələsi ilə məşğul oldum. Əvvəlcə Həmkarlar İttiqafı ilə danışdım, çünki arenanın onların balansında olduğu deyilirdi. Sonra köhnə MKT-nın adı hallandı. O qədər məsələlər ortaya çıxdı ki, axırda “İmişli” bu variantdan imtina etdi. Yəni stadionun yiyəsi tapılmadı. Klub isə arenanı götürüb yatırım edirsə, oranın özünə aid olduğunu bilməlidir. Stadion məsələsinin həllini tapması üçün xeyli pul tələb olunur. 5-6 hektar yer lazımdır ki, İmişlidə bu cür boş torpaq sahəsi, demək olar, qalmayıb. Hazırda müəyyən işlər aparılır. Mənə verilən məlumata görə, yaxın zamanda torpaq problemi həllini tapacaq və stadionun tikintisinə başlanacaq. Yaxın 2-3 ildə “İmişli”nin öz stadionunda oynayacağına ümid edirəm. Yenə də bu məsələni diqqətdə saxlayacağam. Klubun prezidenti Kamran Eyyubova da demişəm ki, hansısa kömək lazım olsa, mənə müraciət etsin.

– Məsələ həm də bilirsiniz nədir, şəhərdə stadion ola-ola deyirlər ki, biz ayrıca stadion tikmək istəyirik, meqapolis deyil, bir şey deyil, bu rayonda niyə iki stadion olsun ki? Sabah başqası da meydana çıxacaq, deyəcək, bunlar mənə lazım deyil, mən də stadion tikirəm.

– Özünüz də bilirsiniz ki, futbol biznesdir. Bu oyunda xeyli maraqlar var. Buna görə “İmişli” stadiona tam sahiblənmək istəyir. Yoxsa yenə qarışıqlıq yaranacaqsa, məsələ tam həll olunmayacaqsa, pul yatırmaq istəmirlər. Mən bu yanaşmanı doğru sayıram.

– Başa çatan mövsümdə Misli Premyer Liqasında ən bərbad vəziyyətdə olan meydança məhz Qubadakı stadionda idi. Bütün rəqiblər bundan şikayətlənirdi…

– Bəli, təəssüf ki, “İmişli” doğma stadionu hazır olmadığına görə başqa yerlərdə oynamağa məcbur qaldı.

– Klub rəhbərliyi ilə tez-tez görüşürsünüz? Onlar bir deputat olaraq sizə ümid bəsləyirlər?

– Yox, telefonla danışırıq. Son vaxtlar işlərimin çox olması görüşməyimizə imkan vermir. Bu günə qədər kluba vacib məsələlərin həllində əlimdən gələn köməyi etmişəm. Yaxşı komanda qurulub, sponsor var. Hazırda işlər normal gedir. Düşünürəm ki, hər hansısa problem yaranarsa, xəbər verəcəklər, mən də bacardığım qədər yardım edəcəyəm.

– İmişli Rayon İcra Hakimiyyəti ilə görüşləriniz olur? Onlarla idman infrastrukturu ilə bağlı söhbət edirsiniz?

– Xeyr, bu məsələni müzakirə etməmişik.

– AFFA-nın indiki rəhbərliyinin fəaliyyətini necə dəyərləndirirsiniz?

– Düzünü desəm, bunu analiz etmirəm və bu sahənin mütəxəssisi deyiləm. Onların işinə qarışmağım düzgün çıxmaz. Fikrimcə, AFFA istəyər ki, Azərbaycanda yaxşı futbol olsun. İstənilən halda, onlar ölkədə bu idman növünün inkişafında maraqlıdır. Mümkün deyil ki, bunu istəməsinlər. Fərqli yanaşma, hansısa səhvlər ola bilər, bunu artıq mütəxəssislər qiymətləndirməlidir. Təəssüf ki, Azərbaycanda dünya səviyyəsində futbol yoxdur. Yalnız “Qarabağ” avrokuboklarda yüksək səviyyədə çıxış edir. Ancaq bu da sırf bir komandanın uğurudur. Millimiz isə yaxşı nəticələr göstərə bilmir. Ümumən futbolumuzda təzadlar az deyil. Klublarımızda legionerlərin sayı çoxdur. Mən buna pis baxmıram, amma yenə də Azərbaycanda futbola yanaşma dəyişməlidir. Hər bir kənddə yaxşı futbol meydançaları olmalıdır. Uşaqlar orada oynamalı, komandalar da oyunçular seçməlidir. Ölkədə futbol kütləvi xarakter almalıdır. Uşaq vaxtı biz küçədə futbol oynamışıq, indi isə bir çox meydançaların yerində evlər, obyektlər tikilib. Bu gün kəndlərdə uşaqların oynaması üçün şərait yoxdur. Hazırda yeni məktəblərdə müəyyən minifutbol meydançaları salınır, lakin bu da bəs etmir. Kəndlərdə uşaqlara şərait yaradılmalıdır ki, gələcəkdə yaxşı futbolçular yetişsin. Tez-tez uşaq futbolu ilə bağlı problemdən danışırıq. Komandalar uşaqları haradan seçəcək? Kənddə, qəsəbədə meydançalar mütləq olmalıdır ki, geniş seçim olsun. Futbol intensiv bağçılıq və ya heyvandarlıq deyil ki, müəyyən çərçivəyə salıb “burada yetişməlidir” deyək. Xeyr, futbolçu küçədə yetişməlidir. Sonra isə onu kluba gətirib peşəkar səviyyədə inkişaf etdirməlisən.

– Ancaq ölkə olaraq potensialı təxminən bizimlə eyni olan Gürcüstana baxsaq, onların millisi Avropa çempionatında çıxış edib, əla futbolçuları var. Ya da Özbəkistanı nümunə göstərə bilərik… Biz niyə geri qalırıq?

– Deməli, əskik olan məsələlər var ki, alınmır. Futbolda çatışmazlıqlarımız çoxdur. Belə olmasaydı, bu gün bizim də futbolçularımız Avropanın aparıcı klublarının formasını geyinərdi. Təəssüf ki, bu, elə arzu olaraq qalır.

– Sizcə, problem mental yanaşmada, təfəkkürdə ola bilər?

17644225572069400268692af39d7cb6a - Futbolinfo.az

– Futbola böyük biznes kimi yanaşmaq lazımdır. Bu idman növündə milyardlar dövr edir. Amma Azərbaycanda futbola sanki sovet dönəmində hansısa idarə kimi yanaşma var. Futbolda tapşırıq olmamalıdır. Məsələn, mən “İmişli” rəhbərliyinə hansısa şəxsi məsləhət görmüşəm ki, baxın sizə yarayar, ya yox. Bu yaxınlarda mənə bir nəfəri dedilər, onu da tövsiyə edəcəyəm. Lakin bu, təzyiq və ya göstəriş deyil, məsləhətdir. Yoxsa ki, bu mənim qardaşımdır, ya da dostumdur, buna görə oynamalıdır – belə şeylər olmamalıdır. Hiss edirəm ki, belə şeylər futbolumuzda müəyyən mənada qalıb. Komandalar oyunçuları seçərkən onların bacarığını əsas götürməlidir. Yəqin ki, hazırda materialımız da hələ azdır, buna görə geniş seçim yoxdur.

– “İmişli”yə kimləri tövsiyə etmisiniz?

– Vaxtilə komandanın qapıçılar üzrə məşqçisi işləmiş Nadir Şükürovu məsləhət görmüşəm. Xahiş etdim ki, onu yoxlasınlar, namizədliyini gözdən keçirsinlər. Çünki həm İmişlidəndir, həm də futbolu yaxşı bilir. Mənə elə gəlir ki, Şükürovla bağlı müsbət qərar verdilər. O, təkcə qapıçıların məşqçisi kimi deyil, müxtəlif sahələrdə köməklik göstərə bilər, lazımi potensialı var. Kluba xeyir verə bilərsə, niyə kənarda qalmalıdır?

– Nadir Şükürov sizə özü müraciət etdi?

– Yox, başqa şəxs mənə onun kənarda qaldığını dedi. “İmişli” rəhbərliyi ilə Şükürov haqda danışmağını xahiş etdi. Klubdan mənə cavab verdilər ki, gəlsin, yoxlayaq. Görüşdülər, nəticə ilə bağlı hələlik dəqiq məlumatım yoxdur.

– Ancaq “İmişli”nin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir. Adətən köməkçilərini onun özü seçir.

– Təbii ki, özləri həll edəcək. Kaşkilya ilə bağlı da müxtəlif xəbərlər ortaya çıxır. Müqaviləsi 1 illik idi, artıq müddəti başa çatdı. Komanda onun başçılığı altında yaxşı performans göstərdi. Eşitdiyimə görə, maaş məsələsində razılığa gəlmədilər. “İmişli”nin büdcəsinin böyük olduğunu deməzdim. Sponsor olsa da, bu, kifayət deyil, daim yeni maliyyə dayaqları tələb olunur. Həm də gələn sponsor gəlir götürmək istəyir. Buna görə də komandanın avrokuboklarda çıxış etməsi lazımdır ki, qazanc əldə olunsun. Əks halda, gec-tez sponsor da ruhdan düşəcək.

– “İmişli”, “Karvan-Yevlax” və “Qəbələ” Premyer Liqaya vəsiqə qazananda sorğularda ən az inam məhz sizin rayonun təmsilçisinə idi. Çoxları komandanın mövsümün sonunda yenidən 1-ci Liqaya yuvarlanacağını düşünürdü.

– “İmişli” hamını yaxşı mənada təəccübləndirdi. Baş məşqçi seçimi də doğru edilmişdi.

– Siz hazırda boş qalan posta yerli, yoxsa xarici mütəxəssisin gətirilməsinin tərəfdarısınız?

– Açığı, mənim üçün o qədər də fərq etmir. Əsas odur ki, təyin olunan baş məşqçi düzgün qərarlar versin. Bəzən yerli mütəxəssis daha uyğundur. Xarici məşqçinin təcrübəsi odur ki, başqa ölkələrin futbolçularını tanıyır. Avrokuboklarda iştirak edirsənsə, əcnəbi mütəxəssis üstünlük ola bilər. Daxili yarışlar üçün isə yerli məşqçinin daha uyğun seçim olduğunu düşünürəm. İstənilən halda, güclü heyət olmalıdır. Lap dünyanın ən yaxşı mütəxəssisini dəvət et, əlinin altında yaxşı futbolçu olmayandan sonra nə edəcək?

– 2025/26 mövsümündə “İmişli”nin oyunlarını izləyirdiniz?

– Təəssüf ki, stadiona getmək imkanım olmadı. Amma televizor vasitəsilə izləyirdim. Dua edirdim ki, komanda qələbə qazansın.

– Vaxtilə belə bir fikir səsləndirmisiniz: “Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir. Nəzarət yoxdur: içki içən də, siqaret çəkən də, qumar oynayan da var”. Həmçinin 2016-cı ildə Rio de Janeyro Olimpiadasında Qazaxıstan millisinə qızıl medal qazandıran azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov barədə bunları yazmışdınız: “Bu qələbəsiylə federasiyada onu bəyənməyən baş məşqçidən tutmuş idman nazirinə qədər güclü idmançı necə olur nümunəsini göstərdi. Bütün günü telekanallarda idmana göstərilən qayğını gözümüzə soxan hökumət belə uğurlara baxıb utanmalıdır. Rüşvət və korrupsiya ilə qayğı olmaz. Bu gün Azərbaycan millisində güclü idmançı deyil, məmur qohumlarına, onların tapşırığı ilə idmançılara üstünlük verirlər. İdmançı qıtlığı yarananda isə üz tuturlar əcnəbilərə. Təbii ki, buna da milyonlar xərclənir. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında 5 medal qazanan əcnəbi gimnastlarımız Rio Olimpiadasında bir bürünc medal belə qazana bilmədi. Görəsən, 1 il öncə Bakıda 5 medalı necə qazanılmışdılar?” Sizcə, həmin müddətdən bəri ölkə idmanı dəyişib?

– Düzü, bunu nə vaxt yazdığım yadımdan çıxıb (gülür). Üstündən xeyli vaxt keçib. Məncə, çox şey dəyişib. İndi idmana münasibət, qayğı fərqlidir. Lakin yenə də bu gün bir sıra idmançılarımız mənə müraciət edib sponsor axtarır. Çoxlu bacarıqlı idmançılarımız kənada qalıb. Hələ də kimlərinsə tapşırılması ilə bağlı problem qalır. Bu baxımdan idmanımızda çatışmayan məsələlər həddindən artıq çoxdur. Söhbət maliyyədən gedir. İdmançının yaxşı məşq etməsi üçün maddi cəhətdən çətinliyi olmamalıdır. Bu gün o qədər idmançılar var, yalvarırlar ki, nə olar, heç olmasa biletimizi alın, gedib turnirlərdə iştirak edək. Kimin öz adamı, kiməsə çıxışı, kimdənsə xahişi varsa, yarışlara yollana bilir.

– Necə düşünürsünüz, idmanda nəticələr qazanmaq üçün bu qədər vəsait xərcləməyə dəyər? Çünki cəmiyyətdə bundan narazı olanlar, sosial layihələrə daha çox maliyyənin artırılmasını istəyənlər az deyil.

razi nurullayev - Futbolinfo.az

– İdman özü də pul gətirməli, bunun üzərindən biznes qurulmalıdır. Belə şeyə pis baxmıram. Dövlət idmanı maliyyələşdirəndə xərclədiyi pulu deyil, Azərbaycan bayrağının turnirlərdə qaldırılmasını düşünür. Çünki bu, ölkənin dünyada tanınması, milyonlarla turistin bura gəlməsi deməkdir. Dövlət bu mənada turizm və ölkənin müsbət imicindən qazanc əldə etmək istəyir. Ayrı-ayrılıqda iş adamları isə vətənpərvərliyi üstün tutaraq hansısa idmançılara kömək edir. Müxtəlif yanaşmalar olmalıdır. İdmanda həm dövlət maraqları, həm də sponsorlar lazımdır. İdman dünyada ən böyük biznesdir. Sovet vaxtı şairlər və yazıçılar qonorar alırdı, dövlət kitablarını çap edib onlara pul ödəyirdi. İndi şair və ya yazıçı ol, kimdir sənə pul verən? Sən kitabını satmalı, biliyini və yazdığını kapitallaşdırmalısan. İdmançı da öz bacarığını pula çevirməlidir. Bunu bacarmırsa, elə hər gün deyəcək ki, mənə pul ver. Getdikcə də qabiliyyəti itəcək, çünki vaxtını inkişafına deyil, maliyyə axtarmağa sərf edəcək.

– Problemlərimizdən biri də olimpiya çempionu olan idmançılarımızın verilən mükafatlardan sonra artıq idmanı unutmasıdır. Dəfələrlə belə halların şahidi olmuşuq…

– Bəli, bunu problem sayıram. Bizim millətimizin mentallığında şan-şöhrət, cah-cəlal, lüks həyat, tanınma və s. var. Uğur qazanan idmançılara o qədər pul veririk ki, axırda dediyiniz hallar yaşanır. Halal xoşları olsun, ancaq onlar artıq şan-şöhrətin, cah-cəlalın içində itib-batır və qabiliyyətini itirmiş olur. Düşünürəm ki, idmançının məqsədi həm də karyerasının sonuna qədər peşəkarlığını davam etdirmək, mübarizə aparmaq və ölkənin şərəfini qorumaq olmalıdır. Adlı-sanlı idmançıların bir müddət sonra qarınlarının bir metr irəli çıxdığını görəndə bunu anlaya bilmirəm. Çox böyük təzaddır ki, vaxtilə idmançı olan və sağlam həyat tərzi sürən insan bu gün o cür qarınla gəzir, keçmiş görkəmini itirib. Bu, qəbulolunmazdır. İstəyir Azərbaycanda, istəyir ABŞ-də olsun. Eyni zamanda, bu gün də əla formasını saxlayan dünya şöhrətli idmançılar tanıyıram. Belə də olmalıdır!

– Parlamentdə idmana aid məsələlər nə dərəcədə müntəzəm müzakirə olunur?

– Ciddi şəkildə daim müzakirə olunduğunu deyə bilmərəm. Hərdən idmanla bağlı çıxışlar olur, amma kütləvilik yoxdur. İdman Komitəsi var, orada üzv olan deputatlar qanun layihələri və müxtəlif məsələlərlə bağlı müzakirələr aparırlar.

– Sizcə, Azərbaycanda hansı idman növü lazımi diqqəti görmür?

– Bu haqda düşünməmişəm. Bizdə bütün idman növlərinə yetərincə maraq var. Şəxsən mənim üçün bir məsələ çox çətin anlaşılandır: bəzən hokkey, fiqurlu konkisürmə və ümumiyyətlə qış idman növlərinə həddindən artıq diqqət ayırırıq. Biz onsuz da orada ciddi uğur qazana bilmərik. Azərbaycanda qar olan zona Kəlbəcər və Qusardır. Hərdən görürsən ki, heç çox qar da yağmır. Təbiət olaraq həmin idman növlərinin 100 faiz inkişafına nail olmaq üçün imkanlarımız yoxdur. Əsas diqqəti dünyada söz sahibi ola biləcəyimiz sahələrə yönəldək. Məsələn, sambo, güləş və cüdoda həmişə öndə olmuşuq. Eybi yox, qış idman növləri də olsun. Məsələn, özüm fiqurlu konkisürməyə baxmağı çox xoşlayıram.

– Yeri gəlmişkən, bu yaxınlarda Yevgeni Plyuşenkonun oğlunu milliləşdirdilər…

– Buna pis baxmıram. Bu sahədə turnirlərə evsahibliyi edə, müxtəlif komandaları gətirə, turistləri cəlb edə bilərik. Lakin bu növlərdə hər hansı medal qazanacağımıza inanmıram. Çətin məsələdir. Ancaq oxuduğuma görə, Emin Ağalarov yaxın günlərdə “Sea Breeze”də kiçik konkisürmə meydançasını istifadəyə verəcək. Əslində, imkanlarımız var, çünki bu gün texnologiyalar elə inkişaf edib ki, iqlimdən asılı olmayaraq, buz arenaları yaratmaq mümkündür. Ancaq təbii ki, insan resursu çox önəmlidir. Rayonlarımızda nə qədər buz meydançalarımız var ki, oğlanlarımız və qızlarımız orada gedib sürüşsünlər? Mən konki sürsəm də, bunu qorxa-qorxa edirəm ki, ayaqlarımı sındırmayım. Çünki bizdə belə bir ənənə olmayıb. Şimal zonası istisna olmaqla… Amma qlobal istiləşmə nəticəsində artıq orada da vəziyyət dəyişib. Əvvəllər İsmayıllının İvanovka kəndində sentyabrda qar düşürdü, oktyabrda uşaqlar orada sürüşürdü. İndi isə bunu görmürük.

– Ailə üzvlərinizdən idmanla məşğul olanlar var?

WhatsApp Image 2025 12 22 at 10.07.12 1 900x576 1 - Futbolinfo.az

– Yoxdur.

– İdmanımızın ən ciddi problemlərindən biri həm də az qala hər federasiyanın bir nazirliyə tabe olmasıdır. Sizcə, bu nə dərəcədə doğru yanaşmadır? Dünyada bu praktikadan istifadə olunmur.

– Burada əsas məsələ sponsorluqla bağlıdır. Məsələn, gəlib desinlər ki, Razi Nurullayev, filan idman növünü maliyyələşdir. Bunu nə ilə edəcəyəm? İdmançılara aylıq maaş ödəmək, onları hazırlaşdırmaq, xaricə göndərmək lazımdır. Buna görə dövlət sponsorluq problemini həll etmək üçün çıxış yolunu nazirliklərdə görür. Çünki biz o səviyyəyə çatmamışıq ki, hər idman növünə yatırım etmək istəyən iş adamları və ya şirkətlər olsun.

– Hansı idman federasiyasında vəzifə tutmaq ürəyinizdən keçərdi?

– Yəqin ki, fiqurlu konkisürmə. Ümumiyyətlə, qış idman növlərinə marağım çoxdur. İstini sevmirəm.

– Axırıncı dəfə nə vaxt stadionda olmusunuz?

– 2 il əvvəl – “İmişli” hələ 1-ci Liqada çıxış etdiyi vaxt oyununu canlı izləmişəm.

– Deputat, yoxsa idmançı olmaq daha çətindir?

– Hər sahənin öz çətinlikləri və üstünlükləri var. İdmançı olmaq çətin məsələdir. Əslində, futbolçu ilə deputatın oxşarlığı var – ikisini də söyürlər (gülür).

– Siz bir müddət jurnalist kimi də işləmisiniz. Azərbaycanda idman jurnalistikasının vəziyyətini necə dəyərləndirirsiniz?

– Məncə, yüksək səviyyədədir. Narazı qaldığım idman şərhçilərimizdir, əsəblərimə toxunurlar. Bir də görürsən ki, yersiz mövzulardan danışır, futbolçuların adlarını çəkmirlər. Qol vurulandan 5-10 saniyə sonra deyirlər ki, deyəsən, qol oldu. Tam məlumat və zövq ala bilmirsən. Hərdən ümumiyyətlə ekranda qeyd olunmasa, hansı komandaların oynadığını anlamırsan. Bəzi şərhçilərimiz çox yavaş danışırlar. Belə olanda türk, rus və ya ingilis telekanallarına çevirirəm. Onların şərhçiləri insanı coşdururlar. Bizim şərhçilərin hamısı hörmətim var, məndən inciməsinlər. Sadəcə, tənqidi səsləndirdim ki, daha da inkişaf etsinlər. Futbol emosiya oyunudur, bunu ekran qarşısında əyləşən insanlara doğru ötürmək lazımdır. Şərhçilərimiz bəzən davam edən oyundan deyil, tarixdən və başqa şeylərdən danışmağa başlayırlar. Bu, mənə maraqlı deyil. Sən mənə şərhçisi olduğun matçdan danış.

– 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Buna münasibətiniz necədir?

– Bunu doğru saymıram. Hər hansısa idmançı Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırıbsa, onların turnirlərdən kənarlaşdırılmasına pis yanaşmıram. Amma ümumilikdə rusiyalı idmançıları bu şəkildə cəzalandırmaq düzgün deyil. Təəssüf ki, bütün dünyada idman siyasətə qarışıb.

TAHİR MİRZƏ

c25c99bf 47d3 4fc2 ad64 6cf31e9102a5 - Futbolinfo.az
Shares: