“Şamaxı”dan ayrılan rumıniyalı yarımmüdafiəçi Andrey Tirkoveanunun futbolinfo.az saytına müsahibəsi
– “Şamaxı” ilə yollarınız ayrıldı. Klub sizə yeni müqavilə təklif etdi, maliyyə məsələsində razılığa gələ bilmədiniz, yoxsa ümumiyyətlə “Şamaxı”dan əməkdaşlığın davam etdirilməsi təklifi gəlmədi?
– Klubla yeni müqavilə haqda müəyyən danışıqlarım oldu. Lakin təəssüf ki, şərtlərdə razılığa gələ bilmədik.
– Azərbaycanın digər klublarından və ya başqa ölkələrdən təklifləriniz varmı? Karyeranızı harada davam etdirməyi planlaşdırırsınız?
– Hazırda yeni müqavilə ilə bağlı çox ümidverici danışıqlar aparıram, xüsusilə də digər ölkələrin klubları ilə. Əlbəttə, Azərbaycandan da təkliflər və danışıqlar olub, amma görək nə baş verəcək. Gələcəyim üçün ən doğru qərarı verməyə ümid edirəm. Azərbaycanda oynamağa davam etməkdən məmnun olardım.
– “Şamaxı”nın son mövsümdəki çıxışını necə dəyərləndirirsiniz? Komandanın potensialı daha artığını etməyə imkan verirdi?
– “Şamaxı”nın maksimum potensialı bu deyildi. Fikrimcə, daha yaxşı nəticələr əldə edə bilərdik. Təəssüf ki, mövsümü yalnız 8-ci yerdə başa vurduq. Amma unutmayaq ki, əsas məqsədimizə nail olduq.
– Baş məşqçi Ayxan Abbasov “Şamaxı”dan ayrılmasaydı, komandadakı fəaliyyətiniz davam edərdimi?
– Bu məqam “Şamaxı”da davam edib-etməmək qərarımda rol oynayan amillərdən biri idi. Mənə yeni müqavilə təklif olunanda Ayxan Abbasovla söhbət etdim, ondan komandada qalacağını, yoxsa ayrılacağını soruşdum.
– Azərbaycan Premyer Liqasında bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər hansılardır?
– Liqanı və ölkənizdəki insanları çox bəyənirəm. Azərbaycan çempionatı haqqında mənfi deyə biləcəyim heç nə yoxdur. Əgər yaxşılaşdırılmasını istədiyim bir məqam varsa, o da stadionlarda daha çox azarkeşin olmasıdır. Bu, futbolçular üçün çox vacibdir.
– Sizə görə, Azərbaycan çempionatında çıxış edən ən güclü əcnəbi və azərbaycanlı futbolçular kimlərdir?
– Azərbaycan liqasında Marko Yankoviç, Velko Simiç, Coy-Lens Mikels, Aron Maluda və Karim Rossi kimi çox keyfiyyətli futbolçular var. Yerli oyunçulardan isə Emin Mahmudov, Rüfət Abbasov və Elvin Cəfərquliyevi fərqləndirərdim.
– Azərbaycandakı karyeranızı uğurlu hesab edirsiniz?
– Əlbəttə. “Şamaxı” klubunda çalışan və çıxış edən hər kəsə qarşıdakı mövsümdə uğurlar arzulamaq istəyirəm. Eyni arzuları Azərbaycan milli komandasına da ünvanlayıram. Gələcəkdə onların yaxşı nəticələr əldə etdiyini görmək məni çox sevindirərdi.
FƏRİD






