Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– Milli komandanın düşərgəsində ab-hava necədir? Bu gün 11 ildir məğlub edə bilmədiyimiz Malta yığması ilə yoldaşlıq matçında tilsimi qırmaq və qələbə qazanmaq mümkün olacaqmı?

– Ab-hava əladır, çox yaxşı məşqlərimiz oldu. Malta ilə matça hazırıq. Həm bu rəqiblə görüşlərdəki tilsimi qırmaq, həm də son matçlarda qazandığımız qələbələrin ardını gətirmək istəyirik. Məqsədimiz özümüzə inamı daha da gücləndirməkdir. Bu, Millətlər Liqasından öncəki son toplanışımızdır. Çalışacağıq ki, yaxşı oyun göstərək və qələbə qazanaq.

– Yığmamız iyunun 9-da isə San-Marino ilə matçda qüvvəsini sınayacaq. Malta və San-Marino ilə görüşlər oyun planında komandamıza nə qazandıracaq?

– Bu toplanış, keçirəcəyimiz yoldaşlıq oyunları həm gücümüzü sınamaq, həm formada qalmaq, həm də bir-birimizə daha çox öyrəşmək baxımından vacibdir. Bilirsiniz ki, milli komanda il ərzində cəmi bir neçə dəfə bir araya gəlir, toplanış müddəti qısa olur. Yoldaşlıq görüşləri olmasına baxmayaraq, hər iki matçdan yaxşı nəticə ilə ayrılmağa çalışacağıq. Məqsəd Millətlər Liqasına tam hazır olmaqdır.

– Millətlər Liqasında Litva və Lixtenşteynlə eyni qrupda mübarizə aparacağıq. Sizcə, komandamız C liqasına yüksəlməyi bacaracaq?

– D liqasında qalmaq istəmirik. Hədəfimiz C liqasına yüksəlməkdir. Rəqiblərimiz zəif komandalar deyil. Həm Litva, həm də Lixtenşteyn yığması yaxşı, amma dişimizə görə rəqiblərdir. Çalışacağıq ki, qrup birincisi olaq və daha üst liqaya yüksələk. Düşüncəmiz ancaq bu yöndədir.

– Formasını geyindiyiniz Bolqarıstanın “Arda” klubunun 2025/26 mövsümündəki çıxışını necə dəyərləndirirsiniz?

– Son mövsümdəki çıxışımızı müsbət dəyərləndirirəm. Düzdür, sezon mənim üçün hələ bitməyib. UEFA Konfrans Liqasında pley-off mərhələsinə qədər irəlilədik, yaxşı oyunlarımız oldu, həqiqətən böyük təcrübə qazandıq. Bolqarıstan liqasında da işlərimiz pis getmədi, kubokda isə yarımfinal oynadıq, finalın bir addımlığında mübarizəni dayandırdıq. Çempionatda 1 xalla pley-off oyununu əldən qaçırtdıq. Ümumi dəyərləndirsək, həm mənim, həm də komandam üçün yaxşı sezon keçdiyini deyə bilərəm.

– Müdafiəçi olmağınıza baxmayaraq, “Arda”nın heyətində mövsümün sonlarında ardıcıl qollar vurdunuz. Bu, sizin hazırda əla formada olduğunuzu deməyə əsas verirmi? Millinin qarşıdakı oyunlarında da sizdən qol gözləyək?

– Əlbəttə ki, qol vurmaq həmişə sevindiricidir, xoş hissdir. Amma önəmli olan kimin qol vurması deyil, qələbə qazanmağımızdır. Bu həm kluba, həm də milliyə aiddir. Şəxsən mən qələbə qazanmağı daha üstün tuturam. Əlbəttə, həm qalib gəlib, həm də qol vururamsa, bu, ikiqat sevincdir. Amma yenə deyirəm, əsas odur ki, qələbələr qazanaq. Ümumən, hal-hazırda özümü yaxşı hiss edirəm. Uğurlu sezon keçirmişəm və millinin qarşıdakı oyunlarına hazıram. Təbii ki, qolların ardını millidə gətirsəm, daha da gözəl olar. Yığmada qol hesabımı açmaq, ölkəmiz, millimiz üçün qol vurmaq, əlbəttə ki, mənim üçün daha böyük sevinc və qürur hissi olar.

– Növbəti mövsümü də “Arda”nın heyətində keçirəcəksiniz? Avropanın digər ölkələrindən təklifləriniz varmı? Yəqin ki, Azərbaycan çempionatına qayıtmağı düşünmürsünüz…

– Dəqiq deyə bilərəm ki, növbəti mövsümü “Arda”nın heyətində keçirməyəcəyəm. Düzdür, mənə 2 illik müqavilə təklif etmişdilər, amma qəbul etməyim deyə, razılaşmadıq. Başqa ölkənin klubuna keçəcəyəm. Azərbaycana qayıtmayacağım da dəqiqdir. İsrail və Yunanıstandan təkliflərim var, Belçika variantı da mümkündür. Başqa ölkələrdən də təkliflər ola bilər, hələ vaxt var. Mənə çox böyük maraq olduğunu deyə bilərəm. Qərar verməyə tələsmirəm. Hazırda milli komandanın düşərgəsindəyəm və bütün fikrimi buraya yönəltmişəm. Yaxşı toplanış keçirdikdən sonra gələcək karyeramla bağlı qərar vermək üçün zamanım olacaq.

FƏRİD

Shares: