“Qarabağ” Xorvatiyanın “Riyeka” klubunun qapıçısı Martin Zlomisliçi transfer edib. Onunla bütün məsələlərdə razılığa gəlinib və müqavilə imzalanması üçün klubun düşərgəsinə qoşulması gözlənilir.
Bosniya və Herseqovina millisinin üzvü Ağdam klubunun düşərgəsinə iyunun 11-də başlayacaq dünya çempionatından sonra qoşulacaq. O, yığma komanda ilə DÇ-də oyunlarını başa vurduqdan sonra Azərbaycan təmsilçisinin Avstriyada keçiriləcək təlim-məşq toplanışına gələcək və orada rəsmi sözləşməyə imza atacaq.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Zlomisliç “Qarabağ”ın heyətinə qatmaq istədiyi tək qapıçı olmayıb. Ağdam klubu onunla yanaşı “Valyadolid”dən “Betis”ə keçən portuqaliyalı “çərçivə” qoruyucusu Gilyerme Fernandeşlə də danışıqlar aparıb. Hər iki qapıçı razılıq versə də, “Qarabağ”ın seçimi Martin Zlomisliçdən yana olub. Fernandeş isə 800 min avro qarşılığında “Betis”lə müqavilə imzalayıb.
Onlarla yanaşı – əvvəl də yazdığımız kimi – Horasiu Moldovan da ağdamlılara təklif olunan qapıçılardan biri olub. Lakin onun keçidindən “köhlən atlar” imtina ediblər. “Atletiko”da çıxış etmiş qolkiper “Qarabağ”dan 500 min avro illik maaş istəyib. Baş məşqi Qurban Qurbanov oyun təcrübəsi olan bu qapıçını istəməyib.
“Qarabağ”ın heyətə yeni qapıçı cəlb etməsindən sonra hansı qolkiperin yola salınacağı aktuallaşıb. Ağdamlılar Fabian Buntiçə özünə klub tapmasını tapşırıb. O da agenti vasitəsilə bir neçə klubla danışıqlar aparıb. Lakin Buntiçə başqa klubların heç biri “Qarabağ”da aldığı maaşı vermir. Bu səbəbdən də o, Ağdam klubundan ayrılmaq niyyətində deyil. Üstəlik, ona az maaş təklif olunmasının səbəbi həm də meydana az çıxmasıdır.
İstənilən halda “Qarabağ” qapıçılardan birini yola salmalıdır. Komandadan gedəcək qolkiper isə ya Fabian Buntiç, ya da Amin Ramazanov olacaq. Xorvatiyalı kiper özünə klub tapıb getsə, Amin klubda qalacaq. Əks-halda o, “Qarabağ”ı tərk etmək məcburiyyətindədir.
Mateuş Koxalskinin isə “Qarabağ”da qalacağı dəqiqdir. Polşalı “çərçivə” qoruyucusu digər təkliflərə hələ ki, müsbət yanaşmır.






