Azərbaycan yığmasının sabiq futbolçusu Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Neftçi”nin U-17 komandası rəhbərliyiniz altında bu il çempionluq sevinci yaşadı. Növbəti mövsümlə bağlı planınız nədir? Premyer Liqa və ya I Liqada baş məşqçi kimi çalışmağınız mümkündür? Təklifləriniz varmı?

– Azərbaycanda futbol mövsümü yeni bitib. Hələ ki təkliflər haqda danışmaq üçün tezdir. Hər şeyi zaman göstərəcək. Bəli, “Neftçi”nin U-17 komandası ilə çempionluğa nail olduq. Hazırda fəaliyyətimi “Neftçi”də davam etdirirəm.

– Son mövsümün əvvəlində çalışdırdığınız “Səbail” baş məşqçi postundakı dəyişikliyə rəğmən, Premyer Liqaya qayıda bilmədi. Bu sonluğu gözləyirdiniz? Sizcə, “Səbail”in yüksək dəstəyə dönməsi üçün nə çatışmadı?

– “Səbail”ə uğurlar arzu edirəm. Bu barədə nəsə deməyim etik çıxmaz. Keçmiş keçmişdə qaldı. Nəsə danışmaq belə, artıq heç nəyi geriyə qaytarmayacaq.

– Yetirməsi olduğunuz “Turan Tovuz” avrokuboklara vəsiqə qazansa da, 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış etdiyi vaxt 7 futbolçusuna AFFA İntizam Komitəsi tərəfindən futbolla bağlı bütün növ fəaliyyətlərə qadağa qoyulması səbəbi ilə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırıldı. Yəqin ki, bu xəbər sizin üçün də şok oldu. Sizcə, İdman Arbitraj Məhkəməsi (CAS) Tovuz klubunun şikayətinə müsbət cavab verəcək?

– Tovuz futbolunun yetirməsi kimi onu deyə bilərəm ki, “Turan Tovuz”un yenidən Avropa arenasına vəsiqə qazanması məni çox sevindirmişdi. Amma son günlərdə yayılan xəbər hamımızı üzdü. İnşallah, veriləcək yekun qərar “Turan Tovuz” üçün sevindirici olar.

– Avrokuboklardakı digər təmsilçilərimizdən qitə yarışlarında hansı nəticəni gözləyirsiniz? Sizcə, neçə komandamız Liqa mərhələlərinə düşə biləcək?

– Hər bir klubumuza avrokubok oyunlarında uğurlar diləyirəm. İnşallah, yaxşı nəticələrlə hər birimizi – Azərbaycan futbolsevərlərini sevindirərlər. Təbii ki, klublarımızın uğurlu çıxışı qarşılaşacaqları rəqiblərdən də asılıdır. Nə qədər çox qələbələr əldə etsələr, bir o qədər özgüvənləri artacaq və reytinqimiz daha da yaxşılaşacaq. “Qarabağ”, “Sabah” və “Neftçi”dən yaxşı nəticələr gözləyirəm. 4-cü komandanın avrokuboklara getməsi ilə bağlı suallar olduğu üçün hələlik 3 klubun adını qeyd edirəm.

– Sabiq komandanız “Qarabağ” bir neçə futbolçu ilə yollarını ayırdı, əvəzində artıq heyətə iki yeni legioner cəlb edilib. Ağdam klubunda heyətlə bağlı növbəti dəyişikliklər də gözlənilir. Yenilənmə “Qarabağ”a necə təsir edəcək?

– “Qarabağ”da elə bir sistem qurulub ki, yeni gələn futbolçular tez bir zamanda adaptasiya ola bilirlər. Əsas odur ki, hazırlıq müddətində zədədən uzaq olsunlar. İlk matçlarda tam uyğunlaşma olmaya bilər. Amma zaman keçdikcə hər şey yerini tutacaq və yeni transferlər üçün özlərini göstərmək daha rahat olacaq.

– Millimizdən Millətlər Liqasında hansı nəticəni gözləyirsiniz? Necə düşünürsünüz, komandamız C liqasına qayıtmaq missiyasının öhdəsindən gələ biləcək?

– Milli komandamıza uğurlar arzu edirəm, hazırda ölkə xaricində toplanışdadırlar. Bu cür toplanışların, yoldaşlıq matçlarının gələcəkdə yığmamıza xeyri dəyəcək. Qazanılan hər qələbə əlavə motivasiya, ruh yüksəkliyi deməkdir. İnanıram ki, millimiz C liqasına qayıdacaq.

AĞA

Shares: