Tanrının kəramətinə şükür, minifutbol millimiz tarixində ikinci dəfə Avropa çempionu olduğu tarixdən bir gün keçməmiş əsas futbol komandamız yenə də bizi təəcübləndirmədi. Son 4 oyunda Malta yığmasını məğlub edə bilməyən futbolçularımız ənənəsinə sadiq qaldı.
4 il əvvəl martın 25-də 0:1 hesabı ilə məğlub olduğumuz adalılara bu dəfə “artıqlaması” ilə uduzduq. Elə bu ilin martında “FIFA Series” turnirində Karib hövzəsinin və Afrikanın “qəbilə” komandalarını məğlub edərək tarixində ilk dəfə “möhtəşəm” kubok qazanan millimiz Avropa məkanını təmsil edən öz tayı ilə görüşdə “error verdi”. Deməyək ki, yoldaşlıq görüşüdür, rəqib ki, turnir matçına çıxmamışdı. Onlar da yoldaşlıq oyunu keçirdi. Amma “quru” hesabla qələbə qazanan onlar oldu. Bir gün əvvəl mətbuat konfransında “ilk 11-liy”i açıqlayan Ayxan Abbasov bunun bəhərəsini görə bilmədi.
Xəyal Əliyev – Mahir Emreli – Toral Bayramov triosu ilə rəqibin qapısına yaxınlaşmaq istəyən komandamız 5-ci dəqiqədə çətin vəziyyətə düşdü. Xəyal təhlükəli ola biləcək hücumumuz zamanı əzələsini dartaraq zədələndi və meydanı xərəkdə tərk etdi. Onun əvəzinə meydana daxil olan Nəriman Axundzadə ilk hissə boyunca Bayramovu zərbə mövqeyinə çıxarmasını saymasaq, ciddi heç nə ilə yadda qalmadı. Həmçinin adi epizodlarda top itkilərinə yol verdi, komanda pressinqində yaxşı iştirak edə bilmədi.
Məlum hadisəyə görə son vaxtlar yalnız “Qarabağ”ın əvəzedici heyətində meydana çıxan Elvin Cəfərquliyev isə ilk dəqiqələrdə səhvlərlə yadda qalsa da, sonradan komandaya hücum planında ciddi kömək etdi. O, hətta indiki vəziyyətdə ölkənin ən yaxşı futbolçularından olduğunu bir daha göstərdi. 26-cı dəqiqədə məhz Elvinin ağıllı ötürməsindən sonra sol cinahda topa yiyələnən Bayramov əla asma etsə də, Emreli yüzfaizli epizodu boşa verdi. Mahir ümumən ilk hissəni yaxşı keçirməsə də, Axundzadədən daha istəkli görünürdü.
Malta millisi FIFA reytinqində yığmamızdan 37 pillə aşağıda olsa da, pressinq cəhdlərimizi qısa ötürmələrlə nisbətən rahat yarırdı, rəqibin oyununda həyəcan hiss olunmurdu. Rəqib hətta hissənin ortalarında üstünlüyü ələ keçirdi. Rəqibin ən təhlükəli hücumçu isə 27-ci dəqiqədə yaşandı. Maltanın ən təhlükəli oyunçusu sayılan İlyas Şuaref komanda yoldaşı Aleksander Satariano ilə divar ötürməsindən sonra uzaq küncü dəqiq nişan almağa yaxın idi.
34-cü dəqiqədə Bayramovun fərqlənməsinə rəqib qapıçı Raşed Əl-Tumi imkan vermədi. Toralın 2 il əvvəl bu stadionda baş tutan və Qazaxıstana 3:2 hesabıyla qalib gəldiyimiz matçda qol vurduğunu xatırladaq.
İkinci hissə daha dolğun ssenari ilə yadda qaldı. Hərçənd 65-ci dəqiqəyə qədər ilk hissədəki ssenariyə şahidlik edirdik. Rəqib təmkinlə müdafiə olunur, bizimkilər isə mümkün qədər sürətli reydlərlə hücum qurmaq istəyirdi. Amma bu hücumlar düşünülmədən qurulurdu. Komandanın oyununda təmkin və düşünülmüş gediş deyilən şey yox idi. Maltalılar isə topu ələ keçirən kimi bir-biri ilə elə anlaşırdılar ki, sanki ayaqlarına topu dartmaq üçün maqnit bağlayıblar. Cəmi 2 dəfə mükəmməl şəkildə çoxgedişli kombinasiya qurdular və bunların birində Cozef Mbonq, digərində isə Aleksander Satariano fərqləndi.
Hərçənd ki, qapımızda gördüyümüz ilk qoldan sonra Abbasov irəlidə qərarlaşan bir neçə futbolçunun əvəzləyərək komandanın oyununda canlanma yaratdı. Ən əsası, “Kayzerslautern”də kölgəsi qalan Mahir Emrelinin meydanı tərk etməsindən sonra özümüzə gəldik. Renat Dadaşov, Rüstəm Əhmədzadə, Tellur Mütəllimov və Vüsal İsgəndərli təhlükəli hücumlar qurdu, dirəklər nişan alındı, hətta sayılmayan qol belə vurduq. Amma təəssüf ki, bəxt üzümüzə gülmədi. Sadəcə, bu oyunu əvvəlcədən oynamaq lazım idi, biz isə qapımızda top gördükdən sonra ayıldıq.
Çox danışmağa ehtiyac yoxdur, hələ ki, komandanın top saxlamaqda ciddi problemləri var. San-Marino üzərində mümkün qələbə belə başımızın altına yastıq qoymamalıdır. Sent-Lüsiya və Sierre Leonedən sonra o yastığın aıcısını hiss etdik. Topu ram edib rəqibi çaşdıracaq ötürmələr etməsək, oyunçular lazım olan yerə açılmasa, əlimizə düşən epizodları boşa versək, Litva və Lixtenşteyn yığmaları ilə oyunda da istəyimizə çatmayacağıq.
FƏRİD






