“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə “Srvena Zvezda” (Serbiya), Lex (Poznan, Polşa), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Xatırladaq ki, “Sabah” turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Eyni məkanda 15:00-da başlayacaq mərasimdə Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq. “Köhlən atlar”ın mümkün rəqibləri bunlardır: “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Bakı vaxtı ilə saat 16:00-da isə “Neftçi”nin də rəqibi bilinəcək. Həmçinin I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə oynayacaq “Zirə” də növbəti potensial rəqibini tanıyacaq. Bununla yanaşı, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Vestri” duelinin məğlubunun hansı komanda ilə qarşılaşacağı bilinəcək.

II təsnifat mərhələsinin səpələnmişlər səbətində “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Hradets-Kralove” (Çexiya), “Avstriya” (Avstriya), “Katovitse” (Polşa), “Vaduts” (Lixtenşteyn), “Norşellann” (Norveç), “Tobol” (Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “Torshavn” (Farer adaları) və “Syon” (İsveçrə) klubları yer alıblar.

Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Shares: