“Zirə”nin futbolçusu Eren Aydının futbolinfo.az saytına müsahibəsi
– “Zirə” ilə yeni müqavilə imzaladın. Karyerana Azərbaycan klubunda davam etməyinin səbəbi nə idi?
– Mövsüm başa çatdıqdan sonra baş məşqçimiz mənimlə xüsusi söhbət etdi. O bildirdi ki, gələn mövsüm üçün planlarında önəmli yerim var, mənə güvənir və komandanın əsas oyunçularından biri olmağımı istəyir. Futbolçu üçün baş məşqçinin etimadını hiss etmək çox vacibdir. Mən də burada özümü dəyərli hiss edirəm. Klubun hədəfləri və mənə göstərilən etimad qərarımda böyük rol oynadı. Buna görə də karyeram üçün ən doğru seçimin “Zirə”də qalmaq olduğuna inandım.
– Başqa təkliflərin var idi?
– Müxtəlif ölkələrdən və klublardan bəzi təkliflər var idi. Ancaq mənim üçün yalnız maliyyə tərəfi önəmli deyildi. Oynayacağım mühit, məşqçilər heyətinin münasibəti və karyera planım da çox vacib idi. “Zirə”nin mənə təqdim etdiyi layihə və hədəflər digər variantlardan daha cəlbedici göründü.
– Burada daha çox uğur qazanacağına inanırsan?
– Mən hər zaman özündən daha artığını gözləyən biriyəm. Ötən mövsüm mənim üçün yaxşı keçdi, amma bununla kifayətlənmək istəmirəm. Daha çox qol vurmaq, daha çox məhsuldar ötürmə müəllifi olmaq və komandaya daha böyük töhfə vermək istəyirəm. İnşallah, bu mövsüm həm fərdi, həm də komanda olaraq daha uğurlu olarıq.
– UEFA “Turan Tovuz”a Konfrans Liqasında iştirak etmək qadağası qoydu və “Zirə” bu liqada iştirak edəcək. Bu, sizin üçün yaxşı, yoxsa pis haldır?
– Əvvəlcə qeyd etmək istərdim ki, bu, “Turan Tovuz” üçün üzücü bir vəziyyətdir. Onlar da mövsüm boyu avrokuboklara vəsiqə qazanmaq üçün əziyyət çəkiblər. Amma futbolda bəzən belə qərarlar olur. Bizim tərəfdən isə Avropada oynamaq imkanı yarandı və fürsətdən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Ola bilsin ki, planlarımız bir qədər fərqli idi, amma komanda olaraq ən qısa zamanda hazır olmağa çalışacağıq və bu imkandan klubumuzun adına maksimum dərəcədə faydalanmaq üçün əlimizdən gələni edəcəyik.
– Artıq Konfrans Liqasında rəqibiniz bəllidir və Gürcüstanın “Torpedo” (Kutaisi) klubu ilə qarşılaşacaqsınız. Qalib gələ biləcəksiniz?
– Avropada heç bir oyun asan olmur. Rəqibimizə hörmətlə yanaşırıq, amma öz gücümüzün də fərqindəyik. Yaxşı hazırlaşsaq və meydanda istədiklərimizi həyata keçirə bilsək, mərhələni keçəcəyimizə inanıram.
– Komandanın Konfrans Liqasında əsas hədəfi nə olacaq?
– Hazırda addım-addım düşünmək lazımdır. Əsas hədəfimiz ilk mərhələni keçməkdir. Daha sonra hər mərhələdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolda bəzən gözləntilərdən də artıq nəticələr əldə etmək mümkündür. Bizim məqsədimiz mümkün qədər irəli getmək və klubumuzu Avropada ən yaxşı şəkildə təmsil etməkdir.
FƏRİD






