Ölkə futbolu
Nə oldu sənə, "Montin"?
MFL Kuboku həlledici mərhələyə qədəm qoyur. Dünən baş tu…
MFL Kuboku həlledici mərhələyə qədəm qoyur. Dünən baş tutan 8 matçla qrup mərhələsinin oyunları başa çatmalı idi. Ancaq bir sıra komandalar son turun oyunlarına qatılmadı. Turnir həvəskarlar statusu daşısa da, bütün kollektivlər buna eyni gözlə baxmayıb. Məhz bu üzdən də pley-offa yüksəlmək şanslarını itirən komandalar “gözlərinin qurdunu öldürmək” həvəsindən çəkiliblər…
…37 il Montində yaşamış bir insanın məhlə uşaqlarının oyununda məhz bu komandaya simpatiya bəsləməsi qəbahət sayıla bilərmi? Buna kənardan qiymət vermək daha düzgün olar. Rəqib SOCAR idi. Oyunun ilk dəqiqələrindən “Montin”in rəqibinə müqavimət gösərə bilməyəcəyi üzə çıxdı. Adamın inanmağı gəlmir ki, Montində keyfiyyətli futbol oynayan uşaq qalmayıb. Bu heyət isə… Ehh, “köhnə qvardiya”nın uşaqlarından 3-4-ü olaydı yanımda, bir də reqlament imkan verəydi…
SOCAR meydançada istədiyini edirdi. Qapıya endirilən zərbələrin sayı-hesabı itmişdi. İnsafən “Montin”in qapıçısı pis təsir bağışlamırdı. Ancaq onun qaytardığı topların əksəriyyətinə “neftçilər” yetişirdi və təkrar zərbəylə toru “aşsüzən”ə döndərirdi.
…Qollar amansızcasına “Montin”in qapısına daxil olurdu – 1, 2, 3, 4, 5–dən sonra hesabı itirdim. Jurnalist kimi izləməyə getdiyim, lakin hisslərə güc gələ bilmədiyim qarşılaşmada SOCAR böyükhesablı qələbə qazandı. Ancaq bütün hallarda bu, həvəskar turnirdi. İnsanlar gərgin işdən sonra emosiyalarını meydançada çıxarır. Həm sağlamlıq, həm də psixoloji gərginliyin aradan qalxması baxımından bundan gözəl variant ola bilməz. Futbol oynayın, sağlam olun!
CEYHUN ƏLİYEV