Müsahibə
Sezar Meza Kolli “İnter”ə “əlcək atdı”: “Mövsümün sonunu gözləyək”
“İnter”in sabiq yarımmüdafiəçisi Sezar Meza…
“İnter”in sabiq yarımmüdafiəçisi Sezar Meza Kollininin hazırda şərəfini qoruduğu “Zirə” ölkə çempionatının 6-cı turunda da məğlub oldu. Paraqvaylı futbolçunun yeni komandası bu dəfə doğma “divarlar arası”nda “Qəbələ”yə boyun əydi (0:2). Ötən mövsümü gümüş medalla bitirən qəsəbəlilərin çempionatın startındaca ilk üçlükdən xeyli geri düşməsi düşündürən məqamdı. Futbolinfo.az saytına müsahibəsində yarımmüdafiəçi narahatçılığa əsas görmədiyini bildirdi.
– İlk olaraq, “Qəbələ”dən aldığınız məğlubiyyəti şərh etməyini istəyərdik.
– Ümumilikdə pis oynamadıq. Xüsusilə, ilk 45 dəqiqədə baxımlı futbol sərgilədik. Təəssüf ki, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Qol vursaydıq, fərqli oyunun şahidi olardıq.
– Demək istəyirsən ki, “Qəbələ” qələbəyə layiq futbol sərgiləmədi?
– Bunu deyə bilmərəm. Ancaq biz ən azından heç-heçəyə oynaya bilərdik.
– Komandanızın işləri heç də yaxşı getmir: keçirilən 6 oyundan 4-nü məğlubiyyətlə başa vurmusunuz. Bunun səbəbini nədə görürsən?
– Məşqlərimiz əla keçir. Mehriban kollektivimiz var. Bunun bəhrəsini mütləq görməliyik. Düşünürəm ki, uğurlu nəticələr dağ arxasında deyil.
– Adətən uğursuz nəticələr olduqda məşqçi istefaya göndərilir. Adil Şükürovun tutduğu postdan kənarlaşdırılmaq ehtimalı səni narahat etmir?
– Adil Şükürovun futbol fəlsəfəsi bizi tam qane edir. Məşqlərdə də verdiyi tapşırıqları yerinə yetiririk. Sadəcə, xal ehtiyatımız istədiyimiz qədər deyil. Ancaq artıq növbəti turda bu yöndə irəliləyişə nail olacağımıza ümid edirəm. “İnter”lə matçda dönüş edəcəyimizə inanıram. Sadəcə, işləməliyik, konsentrasiyamızı daha da yaxşılaşdırmalıyıq.
– Bəlkə maaşlarınızda yubanma var? Çünki maddi sıxıntı olduqda, adətən bu, nəticələrdə də öz əksini tapır.
– Xeyr, komandamızda belə bir hal baş verməyib. Futbolçular da, məşqçi heyəti də maliyyə sarıdan tam razıdılar. Bunun da fərqindəyik ki, vəziyyəti yaxşılaşdırmalıyıq. Səylə çalışıb, çətin vəziyyətdən çıxmalıyıq.
– Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Sabiq komandana qarşı xüsusi motivasiyan var?
– Bu matçda rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz 3 xal qazanmaqdı. “İnter”lə oyuna da xüsusi hazırlaşmıram. Sadəcə, bəlli hədəfimiz var və onun uğrunda mübarizə aparacağıq.
– Turnir cədvəlinə nəzər saldıqda, fikirləşmirsən ki, kaş “İnter”də qalaydım?
– Xeyr, “Zirə”də özümü xoşbəxt hiss edirəm. Başlıca məqsədim də ideal formamı bərpa etməkdi. Turnir cədvəlinə gəlnicə, bunu mövsümün sonunda görəcəyik.
– Amma öz aramızdı, deyəsən bədayaqsan: “İnter”də oynadığın vaxt “Zirə” üst sıralarda idi, keçdin qəsəbəlilərin heyətinə, yenə də formasını geyindiyin klub arxadadı…
– Nə deyim, yaşayarıq – görərik. Mövsümün sonunu gözləyək. Onda hansı komandanın neçənci sırada olduğunu görərik.
CEYHUN ƏLİYEV