Ölkə futbolu
Elxan Məmmədovun məğlubiyyətinin səbəbləri
AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə …
AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçilməməsi yaxşı olmadı. Belə mötəbər təşkilatda həmyerlimizin yer alması yalnız müsbət perspektiv vəd edirdi və bunun xeyrini görəcəkdik.
Təəssüf ki, alınmadı. Lakin bu, ruhdan düşməyə əsas verməməlidi. Elxan bəy səylərini daha da artırmalı, növbəti seçkilərdə yenidən namizəd olmalıdı. Hər məğlubiyyət yeni döyüşlərdə qələbə üçün əla təcrübədi.
Elxan Məmmədov UEFA-nın növbəti konqresində arzusuna niyə çatmadı? Səbəblər çoxdu.
8 vakant yerə namizəd olan 12 nəfərlik siyahıya baxanda da aydın olurdu ki, aparıcı futbol ölkələrinin nümayəndələri ilə rəqabətdə üstün olmaq asan başa gəlməyəcək. Nəticəyə baxın: Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) yeni üzvlər seçiliblər.
Kənarda qalanlar seçkidən öncə namizədliyini geri götürən Kayrat Boranbayev (Qazaxıstan), eləcə də Məmmədov kimi az səs toplayan Armand Duka (Albaniya) və Kieran O'Konnor (Uels) olub. Namizədlərin adını unudub, təmsil etdikləri ölkələrə baxanda niyə belə olduğu aydınlaşır. UEFA İcraiyyə Komitəsinə əsl futbol ölkələrinin namizədləri üzv qəbul olunub.
Bu məsələdə bir az da siyasi çalarlar var. Kənarda qalan ölkələr Avropa üçün hələ də doğma sayılmayanlardı. Hətta daha bir vakant yer olsaydı, ora Uelsin namizədinin düşəcəyini deyə bilərik. “Köhnə qitə”yə inteqrasiya üçün ilk öncə milli assosiasiyanın nüfuz qazanması, milli komandaların və klubların nəticələrinin yaxşılaşması vacibdi. Yəni ki, komitəyə üzvlük üçün fərdin bacarığı kifayət etmir, həm də təmsil etdiyin qurum güclü, söz sahibi olmalıdı.
Finlandiyanın Helsinki şəhərində keçirilən tədbirdə 24 səs toplaması da Elxan Məmmədov üçün uğurdu. Futbol tariximizdə bu, ilk belə cəhd idi və debütü pis saymaq olmaz. Daha yaxşı nəticə üçün yuxarıda qeyd etdiyimiz məqamlar üzərində işləmək lazımdı. Qeyri-ciddi layihələrlə, topçiləmə festivalları ilə inkişaf olmur. Azərbaycanda futbol həqiqətən inkişaf etsəydi, kimsə bunu görməzdən gəlməyəcəkdi. Lakin görünən kəndə bələdçi lazım deyil – bu aqibəti proqnozlaşdırmaq mümkün idi.
FƏRİD
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”