Milli komanda
11-ci sınaq: 20-ci qələbə arzusunda
Futzal üzrə Azərbaycan millisi tarixində 11-ci dəfə Avropa &…
Futzal üzrə Azərbaycan millisi tarixində 11-ci dəfə Avropa çempionatında mübarizəyə start verəcək. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bütün qitə çempionatlarında iştirak edən yığmamız əvvəlki 10 yarışın 6-da çıxışını seçmə mərhələdə başa vurub.
Son 4 yarışın final mərhələsində oynayan millinin ən böyük uğuru AVRO-2010-a təsadüf edib. Həmin vaxt debütant olan komandamız yarımfinala qədər irəliləyib. 7 il öncə Avropanın 4-cüsü olan komandamız 5-ci final mərhələsinə vəsiqələr uğrunda mübarizəni Bakıda aparacaq.
Bu, millimizin evdə 3-cü sınağı olacaq. AVRO-2012 və AVRO-2016 yolunda da oyunlarını Bakıda keçirən komandamız ilkə imza atmağa iddialıdı. Məsələ ondadı ki, futzalçılarımız evdə qrup qalibi olmağı bacarmayıb. Hər iki turnirdə 2-ci yeri tutan yığmamızın yeganə qrup qələbəsi isə Slovakiyada baş tutan AVRO-2014-ün seçmə mərhələsi ilə bağlıdı.
Macarıstan, Albaniya, Bosniya və Herseqovina ilə qarşılaşmalarda 1-ci yeri hədəfləyən millimiz qitə birinciliklərində 20-ci qələbənin astanasındadı. Artıq sabahkı ilk görüşdə bu yubileyi qeyd edə bilər.
Bakı İdman Sarayındakı ilk heç-heçəmiz isə sayca 10-cu olacaq. Bütün qarşılaşmalarda qalib gəlməli olan komandamızın buna imkan verməsi inandırıcı deyil. Ümumiyyətlə, əvvəlki 10 çempionatda yığmamız 45 matç keçirib. 19 qələbə və 9 heç-heçəsi olan futzalçılarımız 17 dəfə uduzub. Azarkeşlərini 156 qola sevindirən milli öz qapısında 152 top görüb.