Ölkə futbolu
Səlahət Ağayev seçim qarşısında: “Neftçi”, yoxsa “Qəbələ”?
Topaz Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca transf…
Topaz Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca transfer xəbərləri də yayılmaqdadı. Adı ən çox hallananlardan biri də Səlahət Ağayevdi.
“İnter”in qapıçısının “Neftçi”yə keçməyə çox yaxın olduğu deyilir. Məsələni dəqiqləşdirmək üçün əlcək sahibi ilə əlaqə saxladıq. Futbolinfo.az saytına danışan Ağayev “ağ-qaralar”la danışıqlar apardığını təsdiq etdi:
“Haqqımda yazılanları oxuyuram. “Neftçi” rəsmiləri ilə görüşmüşəm, amma heç bir müqavilə bağlamamışam. Ümumiyyətlə, pul söhbəti etməmişəm. Müqavilə bağlasam, gizlədiləsi bir şey yoxdu, deyərəm. Hələ ki, “İnter”lə müqaviləm var, o da başa çatmamış, yenisinə qol çəkə bilmərəm. Müqaviləm də mayda başa çatacaq. Hazırda “İnter”in oyunçusu olduğumdan heç bir klubla saziş bağlaya bilmərəm. Artıq müqaviləmin dəyərini də yazırlar. Amma inanın ki, doğru deyil, çox şişirdilir. Bilirsiniz ki, indi Azərbaycan futbolunda o pullar qalmayıb. Tək “Neftçi”dən yox, başqa klubdan da təklif almışam, ad çəkmək istəmirəm. Hələ seçimimi etməmişəm. “Neftçi” rəsmiləri ilə xeyli əvvəldən görüşmüşəm, çempionat başa çatandan sonra yenidən danışıqlar olacaq. Çox güman ki, “İnter”də qalmayacam. 2 klubdan birinin təklifini qəbul edəcəm”.
Səlahət ad çəkməsə də, bildiyimizə görə, digər dəvət “Qəbələ”dəndi. Ağayev əyalət klubundan daha cəlbedici təklif alıb. Amma hələ “Qəbələ”də də müəyyən məsələlərə aydınlıq gəlməlidi. Bu səbəbdən Səlahət gözləmə mövqeyindədi.