Ölkə futbolu
“İnter”də üsyan: futbolçular müqavilə bağlamaqdan imtina etdi
“İnter” Topaz Premyer Liqasının “Qəbələ”…
“İnter” Topaz Premyer Liqasının “Qəbələ” ilə ilk turunun oyununa zəif heyətlə çıxa bilər. Paytaxt təmsilçisində maliyyə problemləri yoluna qoyulmasa, Zaur Svanadze gümüş medalçıya qarşı yalnız gənc futbolçulara güvənməli olacaq.
Futbolinfo.az xəbər verir ki, aparıcı futbolçulardan heç biri hələlik yeni müqaviləyə imza atmayıb. Anlaşması bitən təcrübəli futbolçular son 2 ayın maaşı verilənədək gözləmək niyyətindədi. Transfer qadağası davam edən klub yeni oyunçular ala bilmədiyindən ya heyətdəkilərlə anlaşmalı, ya əvəzedicilərə güvənməlidi. Amma maliyyə problemləri üzündən təcrübəliləri yola gətirmək mümkün olmur, əvəzedici heyətsə böyük tapşırıqların öhdəsindən gəlmək üçün yetərli deyil.
Vədlərdən bezən futbolçular çempionatın startınadək maaşlarını alacaqlarına ümidlidilər. Əks halda, onlar azad agentə çevriləcək və yeni komanda axtarışına çıxacaq. Klubun Müşahidə Şirasının sədri Zaur Axundovun davranışı, futbolçularla diktator kimi davranması da daxili ab-havanı korlayıb. Bu səbəbdən oyunçular qaçmağa səbəb axtarır.
Axundov isə hələ də ümidlidi və AFFA rəhbərliyinin vəd etdiyi maliyyənin hesaba köçürülməsini gözləyir. Aldadıldığını və lazım olan dəstəyi görməyəcəyini anlayan Zair bəy assosiasiya rəsmiləri ilə də görüşüb. O, tez bir zamanda kluba yardım edilməyəcəyi təqdirdə postuyla vidalaşacağını bəyan edib.
Hələlik yalnız vəd verilir. AFFA Axundova, o isə futbolçulara gözləməyi məsləhət görür, problemin teziklə yoluna qoyulacağını söyləyir. Zaman isə gedir və mövsümün startına bir həftə qalıb.