Ölkə futbolu
Kamran Quliyev “Sumqayıt”ın mövcudolma səbəbini unudubmu?
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının açıqlanan son heyəti özü ilə bir sıra suallar da gətirdi. Maraqlıdı, hansı klublarımız həqiqətən futbolun inkişafı, gələcək nəsillərin yetişdirilməsi üçün çalışır?
Heyətə baxanda aydın oldu ki, “Neftçi” milliyə cəmi 2 oyunçu verəcək. Onlardan biri komandaya yaxınlarda gələn “Xəzər Lənkəran” yetirməsi Elnur Cəfərovdu. “Qarabağ” da cəmi 2 futbolçu ilə təmsil olunub. “İnter” milliyə 4 nəfər göndərirsə, “Kəpəz”dən gələn cütlük də klubun yetirməsi deyil, bu il transfer olunanlardı.
Xarici klublarda oynayan 5 milliləşənlə yanaşı, “Səbail” də iranlı Əmirhüseyn Nəcəfinin sayəsində siyahıya düşüb. Divizion klublarından yalnız MOİK-in oyunçu göndərdiyi U-21-də “Sumqayıt” 3, “Zirə” və “Qəbələ” 1 nəfərlə təmsil olunacaq. Amma iş ondadı ki, “Sumqayıt”ın 2, “Zirə”nin isə yeganə təmsilçisi də məhz “Qəbələ”nin üzvüdü. Ehtiram Şahverdiyevlə Bəhlul Mustafazadə, eləcə də Yusif Nəbiyev icarə əsasında indiki klublarında oynayırlar.
Ən maraqlısı odur ki, Premyer Liqada oynamasının, sonuncu pilləni tutarkən də elitada saxlanılmasının səbəbi “milli komandalara layiqli ehtiyat qüvvə hazırlamaq” olan “Sumqayıt” milliyə cəmi 1 oyunçu verir. “Qəbələ”dən icarəyə götürülənləri nəzərə almasaq, Kamran Quliyevin prezidenti olduğu klub yalnız Xəyal Nəcəfovun sayəsində siyahıya düşə bilib. Başı milliləşənlərə qarışan bu klub əsas milliyə, eləcə də digər yığmalara da futbolçu göndərmir.
Eyni sözlər “Səbail”ə də aiddi. Milli komandalara layiqli futbolçular yetişdirəcəklərini vəd edən Bayıl təmsilçisi yalnız təsadüfən heyətə qatılan iranlı oyunçu sayəsində “fərqlənib”. Debütant olduğunu nəzərə alaraq, “Səbail”ə yüklənmək bəlkə də tezdi, amma “Sumqayıt”la bağlı futbol başbilənlərimizin düşünməsi lazımdı. SOCAR-ın pulunu dolayı yollarla Kamran Quliyevə yedirdənlər hərdənbir ondan hesabat istəsələr pis olmaz.
CAVAD