Ölkə futbolu
“Qarabağ”ı “fərqləndirən” məqamlar
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turundan …
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turundan sonra klubların statistik göstəriciləri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, ilk dövrənin yekunlarında Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas raundunda iştirak edən çempionumuz “Qarabağ” da yer alıb.
Keçirdiyi 3 oyunda cəmi 1 xal toplayıb, C qrupunda sonuncu olan Ağdam klubu bəzi mənfi məqamlarda “fərqlənib”.
Çempionumuz 1-ci dövrədə yalnız 28 dəfə qapı istiqamətində zərbə endirib. Bu da ən zəif 7-ci nəticədi. “Qarabağ” çərçivəyə vur-tut 4 dəfə “düşüb”. Bu isə Çempionlar Liqasında mövsümün antirekordudu. Müqayisə üçün vurğulayaq ki, göstəricinin lideri “Liverpul”da bu rəqəm 29-du.
3 matçda cəmi 8 künc zərbəsi yerinə yetirən “Qarabağ” ən az belə imkan qazanan 10 komandadan biridi. Ağdamlılar APOEL və MOİK-lə 8-ci sıranı bölüşür.
Komandamızın qapısı qarşısında isə 21 “korner” vurulub. Bu göstəricidə “Sportinq” və “Spartak”a şərik olan “Qarabağ” 6-8-ci yerlərdədi.
Qapı önünə 27 dəfə top göndərən təmsilçimiz ən aşağı göstəriciyə malik 4-cü komandadı. Bunlardan yalnız 5-i ünvanına çatıb. Yalnız “Feyenoord”dan öndə olan Qurban Qurbanovun komandası PSJ, “Bazel” və “Seltik”lə ikinciliyə şərikdi.
“Porto” ilə eyni sayda – 45 dəfə qayda pozuntusuna yol verən çempionumuz intizamsızlar arasında 5-ci yerə şərikdi. Lakin ağdamlılar rəqiblərini də fola vadar etməklə də diqqət çəkib. 28 qayda pozuntusuna məruz qalan “Qarabağ” Çempionlar Liqasında 6-cıdı. (Apasport)