Ölkə futbolu
“Neftçi” və “Qəbələ”dən Rauf Əliyev açıqlaması
Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin ad…
Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin adı 2 komanda ilə hallanır.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” və “Neftçi”nin təcrübəli futbolçunun xidmətində maraqlı olduğu bildirilib. Hətta Əliyevin “qırmızı-qaralar”la anlaşdığı iddia olunur.
Ancaq əyalət klubunun meneceri Səbuhi Səfiyarlı qol.az-a açıqlamasında Raufla danışıq aparmadıqlarını vurğulayıb: “Onsuz da yerli futbolçu qıtlığı var. Rauf kimi hücumçunu komandada görmək istəyərik. Amma bununla bağlı heç bir danışıq olmayıb”.
“Neftçi”nin meneceri Eldəniz Yusifov da Əliyevin “ağ-qaralar”a keçəcəyi ilə bağlı xəbərləri təkzib edib: “Bir neçə futbolçu ilə danışıq aparırıq. Amma onların arasında Rauf Əliyev yoxdur. Çünki Tərlan Əhmədov bu futbolçunun xidmətində maraqlı deyil. Özü də müsahibəsində bildirib ki, qış fasiləsində yerli futbolçu alınmayacaq. Bizə bir çox əcnəbi futbolçu təklif olunub. Aralarında Cənubi Amerika, Balkan dövlətləri, eyni zamanda, Afrikadan olan futbolçular var. Hələlik seçim apararıq”.
Rauf Əliyevlə bağlı digər məqam isə ondan ibarətdir ki, FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində uzağı 2 klubun formasını geyinə bilər. Əliyevin bu mövsüm “Kukesi”dən əvvəl “İnter”də (indiki “Keşlə”) oynadığını nəzərə alsaq, o, Azərbaycana qayıdacağı halda o, ancaq ya bu klubda oynamalı, ya da 6 ay heç bir komandada çıxış etməməlidir.