Dünya futbolu
“Bursaspor” Dəniz Yılmazı yenə komandadan kənarlaşdırdı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Dəniz …
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz növbəti dəfə Türkiyənin “Bursaspor” klubunun əsas komandasının məşqlərindən kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, bundan sonra o, komanda ilə məşqlərə buraxılmayacaq. 29 yaşlı forvard kollektivdən ayrı, fərdi şəkildə çalışır. Lakin Bursa təmsilçisi bunu gizli saxlamağa çalışır. Çünki qışda futbolçunu başqa kluba satmağa çalışan bursalılar qalmaqalları ilə gündəmdən düşməyən Yılmazın qiymətinin daha da aşağı düşməsini istəmir.
Qeyd edək ki, Dənizin “Bursaspor”dakı çıxışının uğursuz alınmasının əsas səbəblərindən biri kimi onun xarakteri göstərilir. Mövsümün əvvəlində klubundan FİFA-ya şikayət edən Yılmaz bir neçə gün öncə də ona olan borcu hədə yolu ilə alıb. İllik maaşı 1 milyon 640 min türk lirəsi (728 min 652 manat) olan futbolçu üçün ödənişin yüksək olması da imtinanın əsas səbəbləri sırasındadı.
“Bursaspor” artıq futbolçuya özünə yeni klub tapmağı tapşırıb. Onunla “Konyaspor”, “Karabükspor”, “Osmanlıspor” və “Gənclərbirliyi” klublarının yaxından maraqlandığı bildirilir.