Müsahibə
Yunis Hüseynov: “Ümidlərimi doğrultmadığı üçün onu tez əvəzlədim”
Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “Qaraba…
Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ”a uduzan “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, Hüseynov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– “Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadı. Düzdü, bunlar şablon sözlərdi. Ancaq reallıqdı. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik.
– Dieqonu sonradan meydana buraxdız, lakin tezliklə əvəzlədiz…
– Onu meydana buraxdım ki, meydanın mərkəzində top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.
– Düşünmürsüz ki, bu, futbolçuya təsir edə bilər?
– Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı.
– Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdu. Sizcə, bunun səbəbi nədi?
– İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər. (komanda.az)