Ölkə futbolu
“Sumqayıt”ın Əmiri: ikinci israilli
Mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt…
Mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" daha bir transfer həyata keçirib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi İsraildə çıxış edən azərbaycanlı futbolçu Əmir Ağayevlə anlaşıb.
Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb. Və güman ki, tezliklə bu barədə açıqlama veriləcək.
Son mövsümü Təl-Əviv "Hapoel"ində keçirən Əmir 15 oyuna 5 qol vurub. “Bney Yehuda” yetirməsi bu klubda 6 mövsüm keçirib və 18 qola imza atıb. 2016/17 mövsümündə Kipr “Omoniya”sında 6 matçda (2 qol) forma geymiş futbolçu “Beytar”da (Yerusəlim) 1 oyuna çıxıb.
İsrailin U-19 (5 oyun, 2 qol) və U-21 (6 oyun, 1 qol) millilərində forma geymiş həmyerlimiz indi də Azərbaycan yığması vədi ilə ölkəmizə gətirilir. Fevralın 10-da 27 yaşı tamam olacaq hücumameylli yarımmüdafiəçinin nəyə görə inkişafdan dayandığı, İsraildə əsas komandaya yüksəlmədiyi maraqlı məqamdı. İndi isə “Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev onu milli komandamıza salmağa çalışacaq. Hazırda millimizə baş məşqçi axtaran Rəfiyev namizədlərlə danışıqlarda yəqin, yeni tapıntılarının reklamıyla da məşğul olur.
Əmir “Sumqayıt”ın qucaq açdığı ikinci israillidi. Hazırda komandada olan Əli Babayev də bu ölkədə yetişib.
Ağayev qış fasiləsində sumqayıtlıların aldığı 3-cü legioner olacaq. Peymanlar – Babayi və Keşvaraz da Azərbaycan əsilli gəlmələrdi. Düşmən ölkələri – İsrail və İranı düşərgəsində birləşdirən “Sumqayıt” əcnəbi almadıqlarını deyə-deyə faktiki legionerlər komandasına dönüb, yerli gənclər isə başqa komandalarla göndəriləcəyi günü gözləyir. Dağıstanlılardan sonra başlayan bu yeni dalğa hələ çox uşağı futbolsuz qoyacaq.
“Sumqayıt”ın bu transfer fəallığının da səbəbi var. Klubun büdcəsinin 1 milyon manatı aşmadığını nəzərə alsaq, qışda 6 futbolçunun heyətə qatılması təsadüf ola bilməz. Yəqin UEFA-dan uşaq futboluna yardım məqsədi ilə göndərilən yarım milyon avro vəsait istiqamət üzrə xərclənmir.
Hər halda, Əmir Ağayevin transferinin xeyirli olmasını diləyirik. Ümid edirik, Aleksey İsayev, Əli Babayev kimi uğurlu seçim olar. Onların hansı yerli gəncləri futboldan bezdirib tüfeyli həyatına sürüklədiyini isə heç vaxt bilməyəcəyik.
CAVAD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…