Dünya futbolu
“Sabah” üçün dönüş anı
“Sabah” rahat nəfəs ala bilər. Debütant dünə…
“Sabah” rahat nəfəs ala bilər. Debütant dünənki qələbə ilə Premyer Liqada qalmaq yolunda böyük atdı. Bununla da qışdan bu yana davam edən uğursuzluq zolağından çıxmaq mümkün oldu.
Bakılılar axırıncı qələbəsini 15-ci turda qazanmış, ümumiyyətlə, 2019-da cəmi 6 xal əldə etmişdi. Bu səbəbdən autsayderlər qrupuna enən komandada problemlər yaranmışdı. Rəhbərliyin müdaxiləsi, məşqçi və futbolçuların vəziyyəti dəyərləndirib, düzgün addım atması sayəsində böhrandan çıxmaq mümkün oldu. “Səbail”lə oyun həqiqətən dönüş anı oldu.
Qonaqlar matça 1:0 öndə başlamışdı. Amma hələ ilk dəqiqədə buraxılan qol “Sabah”ı çətinvəziyyətə salmadı, əksinə, əzmkarlığı daha da artırdı. Elşad Əhmədovun mövsümdə 6-cı dəfə hələ ilk yarıda əvəzləməyə əl atması qəribə görünsə də, əslində, baş məşqçi bu dəfə doğru qərar vermişdi. O, müdafiəçinin əvəzinə orta sahə oyunçusu buraxmaqla matçı çevirməyi düşünürdü və bu dəfə yanılmadı.
Aftandil Hacıyev isə hesabda üstün olduqları matçda 3 xalı əldən vedri. Rəqibin aqressiv oyunu qarşısında boyun əyən “Səbail” 4-cü pillədəki izləyicisindən uzaqlaşmaq şansını əldən verdi. Fasiləyə kimi hesabı bərabərləşdirən “Sabah” ikinci hissədə meydanın tək ağası idi. Beləcə qollar sıralandı və bu rəqib üzərində ilk qələbə reallaşdı.
İndi “Sabah” təzyiqlərdən xilas olub, rahat oynaya bilər. Belə olduqda nəticələr daha da yaxşılaşmalıdı. Komanda rahat olanda, nəticə üçün ciddi narahatlıq keçirməyəndə psixoloji durum da qaydasına düşür. Görünür, Miloş Bosançiçlə müqaviləyə xitam veriləndən sonra klubdaxili əhval-ruhiyyə də düzəlib və səhlənkarlıq edənlər dərsini alıb.
“Sabah” hazırda ən yaxın izləyicisindən 4, son pillədən isə 7 xal öndədi. Böyük fərq deyil, amma aşağıdakıların daha zəif olduğunu nəzərə alsaq, elitada qalmaq problem olmamalıdı. 5 tura bu fərqin əriməsi müşkül məsələdi, bir şərtlə ki, futbolçular öz oyununu oynasın, arxayınlaşmasınlar.
FƏRİD