Ölkə futbolu
“Neftçi”dən 3 rekord birdən
“Neftçi” avrokuboklarda Azərbaycan klublarının &…
“Neftçi” avrokuboklarda Azərbaycan klublarının üç rekorduna imza atıb. “Ağ-qaralar” buna Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda imza atıb.
Təmsilçimiz Moldovanın “Speranta” klubunu 6 cavabsız qolla məğlub edib. Bununla da bakılılar Azərbaycan klublarının ən böyükhesablı qələbəsini qazanıb. Səkkizqat Azərbaycan çempionuna qədər heç bir komandamız qitəmiqyaslı turnirlərdə belə fərqə nail olmamışdı.
Bunadək rekord 5 top fərqi idi. “İnter” (indiki “Keşlə”) Avropa Liqasının 2012/13 mövsümündə səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabı ilə məğlub edib. Beş il sonra “Qarabağ” eyni nəticəyə imza atıb. Ağdam klubu Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla üstələyib. “Neftçi” “Speranta” üzərində 6:0 hesablı qələbə ilə “Keşlə” və “Qarabağ”ın rekordunu arxada qoyub.
“Neftçi” həm də avrokuboklarda bir oyuna 5-dən çox qol vuran ilk komanda kimi düşüb. Bunadək “Qarabağ”, “İnter” və “Qəbələ” eyni oyunda beş dəfə fərqlənmişdi. Bakılılar isə Moldova klubunun qapısından 6 top keçiriblər.
İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” iki matçın cəmində 9 top üstünlüyü qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur. İndiyədək “Qarabağ”la “İnter” iki qarşılaşmada 7 qolluq üstünlük qazana bilmişdi.