“Yuventus”un başına gələnlər Kriştianu Ronaldo üçün də problemlər yarada bilər. Belə ki, turinlilərin maliyyə qalmaqallarının bir ucu portuqaliyalıya gedib çıxır.
Futbolinfo.az xəbər verir ki, hesabından 15 xal çıxılan “Qoca Sinyora” maliyyə hesabatlarını doğru göstərmədiyi üçün cəzalandırıldı. Lakin araşdırmalar davam edir və Turin təmsilçisinin ümumiyyətlə, B Seriyasına göndərilməsi mümkündür.
İtaliyalı həmkarlarımızın yazdıqlarına inansaq, “Yuventus”un sübut olunmuş maliyyə fırıldıqları futbolçuların da sanksiyaya məruz qalmasına səbəb olacaq. Bu işlərə qol qoymuş bütün oyunçular araşdırma prosesinə cəlb olunacaq.
Maraqlıdır ki, vaxtilə komandada oynamış Kriştianu Ronaldonun da başı dərddədir. Onun da klubdan sənədlərdə göstərilməmiş pul aldığı, vergidən yayındığı deyilir. Fakt sübut olunsa, portuqaliyalı uzun müddətə diskvalifikasiya oluna bilər.