Belə getsə, 19-cu turu azı 19 qolla tamamlayacağıq. Komandalar qış fasiləsindən yüksək motivasiya ilə gəlib və ehtiyatlı oyun haqda düşünən yoxdur. Cəmi 3 matç başa çatıb, Gəncə və Zirədə 4, Tovuzda 5 qol izləmişik.
Bəlkə də “Zirə” – “Sumqayıt” matçı bu qədər məhsuldar alınmayacaqdı. Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov rəqibi oynatmamağa hesablanan taktika qurub rahat qələbə qazanmaq niyyətində idi. Oyunun sonrakı dəqiqələri göstərdi ki, futbolçuları onun istədiklərini reallaşdıracaq gücdədir. Sadəcə, matçın əvvəlində buraxılan təsadüfi qol ssenarini dəyişdi.
Az qala hər oyunda “ucuz” qol buraxmasına şahid olduğumuz qəsəbə təmsilçisi “ənənə”sinə sadiq qaldı. Dimitrios Çantakias fərdi səhv edib “Sumqayıt”ın ümidlənməsinə şərait yaratdı. Amma bunu Nemanya Andelkoviçin gedişindən sonra rəqabətsizlikdən yaranan arxayınlığa bağlamaq olmaz. Yunanda belə səhvlər tez-tez olur və Sadıqov da bunun fərqindədir. Yəqin ki, məşqçinin yaxın günlər üçün vəd etdiyi 2-3 yeni oyunçunun arasında yaxşı mərkəz müdafiəçisi də görəcəyik.
Qoldan ruhlanan “Sumqayıt” ümumiyyətlə, ilk hissəni yaxşı keçirdi. Lakin Sadıqov yenə fasilədən sonra gedişatı dəyişməyi bacardı. Onun yetirmələrinin ardıcıl rəngarəng hücumları bir-birindən baxımlı 3 qol gətirdi. Yeni transferlərin durumuna baxdıqdan sonra “Zirə”nin iddiaları haqda daha rahat danışa bilərik. Hələlik dəqiq olan “Qəbələ” ilə fərqin 5 xala çatdığıdır. “Qartallar” növbəti turda “Neftçi” ilə matçda da qələbə qazansa, o zaman 3-cü yer uğrunda mübarizə barədə danışa biləcəyik.
Samir Abasovun Vurğun Hüseynovun zədəsindən sonra başverənlər barədə danışması normaldır. Həqiqətən də kapitanın zədələnib meydanı tərk etməsindən sonra “Zirə”nin işi daha rahat oldu. Xüsusilə Çantakiasın günahını yuyub bərabərlik qolunu vurduğu epizodda təcrübəli müdafiəçinin yeri görünürdü.
Lakin “Sumqayıt”ın baş məşqçisi bunu transferləri sıraladığı zaman düşünməliydi. “Kimyaçılar” yalnız ön xəttə yeni oyunçular alıb, heyət düzgün komplektləşməyib, müdafiə üçün alternativlər yoxdur. Ağıllı rəqiblər zəif nöqtəni gördükdə ondan faydalanmağa çalışacaq. Bu gün “Zirə” şansını qaçırmadı, sabah digərləri də eyni cür davranacaq.
Abasov yeni transferləri xeyli təriflədi, lakin doğrusu, biz “Sumqayıt”ın oyununda hər hansı inkişafı görmədik. Sadəcə, adlar dəyişib. Samir bəyin bizi təəccübləndirəcəyinə ümid edirik, çünki komandası nə qədər yaxşı olsa, Premyer Liqada qalmaq uğrunda mübarizə bir o qədər maraqlı olacaq. Bu qədər yeni oyunçunun gəlişi nəticələri dəyişməyəcəksə, onun məşqçilik bacarığı şübhə altına düşəcək.
Turun iki əsas oyunu sabah baş tutacaq. “Sabah” – “Neftçi” dueli liderlər, “Şamaxı” – “Səbail” görüşü autsayderlər qrupunda vəziyyəti aydınlatacaq. Ümid edirik, tur başladığı kimi qollu bitər və layiq olanlar xallarını qazanar.
FƏRİD