Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan”da müqaviləsi başa çatan baş məşqçi Joze Alesio Da Silva ilə yeni anlaşma imzalanmayıb, əvəzində bu posta uzun müddət Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın heyətində çıxış etmiş Vitali Borisov təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, yeni təyinatla bağlı komandanın vitse-prezidenti Mahmud Sadıqov federasiyanın rəsmi saytına bunları deyib:

“Klubdaxili iclas keçirildi. İdman-direktoru Marat Salyanski və digər əməkdaşlarla ötən mövsümü dəyərləndirdik. Qərara gəldik ki, baş məşqçi postunda dəyişiklik edək. Uzun müddət komandamızın “sükanı” arxasında olmuş Joze Alesio Da Silvaya xidmətlərinə görə təşəkkür edirik. Həqiqətən komandamız onun rəhbərliyi altında bir neçə uğur qazanıb. 2010-cu və 2014-cü illərdə UEFA kubokunun (indiki Çempionlar Liqası) “Dördlər finalı”ında iştirak etdik və hər iki mövsümdə bürünc medal qazandıq. Bu dəfə yerli məşqçilərdən birinə güvənmək və yeni səhifə açmaq qərarına gəldik. Vitali Borisovu uzun müddətdir tanıyırıq, futzalçı kimi komandamıza və futzalımıza faydası çox olub. Məşqçi kimi də bir neçə komandada çalışıb, qabiliyyətinə, nəyə qadir olduğuna bələdik. Bu dəfə ona şans verməklə futzalçı kimi hər zaman uğurlu çıxışı ilə yadda qalan Borisovun məşqçi kimi də zirvələrə çatmasını, azarkeşlərin yenidən sevimlisinə çevrilməsini istəyirik. Əlbəttə, klubumuzun öz startegiyası, tələbləri, hədəfləri var. Baş məşqçimiz də bunu bilir, onunla görüş zamanı da tələblərimizi diqqətinə çatdırdıq. “Araz Naxçıvan” ancaq daxili yarışlarda qazanılan uğurlarla kifayətlənmir. Bu dəfə UEFA Çempionlar Liqasında yaxşı nəticə ilə əvvəlki nüfuzumuzu geri qaytarmaq istəyirik. Planlarla, heyətdə hansı dəyişikliklərin olacağı ilə bağlı baş məşqçi yaxın günlərdə bizə məlumat verəcək, biz də klubun imkanları daxilində ona ən yaxşı şəraiti yaratmağa çalışacağıq. Hər zaman mehriban və iddialı kolletivimiz olub, çalışacağıq bu tendensiya davam etsin”.

Shares: