AFFA-nın yoxlama matçında yenib seçmə mərhələdəki uğursuz nəticələrə görə edilən tənqdlərdən qaçmaq üçün seçdiyi İordaniya millisi “vəzifəsini yerinə yetirdi”. Yığmamızın ümumi statistikada üstün olduğu azsaylı komandalardan biri ilə 3-cü dueli də uğurlu oldu.

Əvvəlki qarşılaşmalarda bir heç-heçə, bir qələbə ilə seçilən millimiz qonaqları Mərdəkandan əliboş yola saldı. Lakin bu qədər sıradan bir rəqiblə oynanılan futbol zövq vermədi. Belçika ilə matçdan sonra guya komandamızın əla təsir bağışladığını, komandanın inkişaf etdiyini deyənlər üçün də düşünməyə səbəb var. Baxmayaraq ki, millimiz Belçikanın imkan verdiyi qədər oynamışdı, İordaniya ilə qarşılaşmada bunu da görmədik. Səviyyə baxımından aşkar zəif olan bu komandanı yenməmək günah olardı.

Düzdü, millimiz qələbə qazandı, lakin aşkar üstünlükdən danışa bilməyəcəyik. Penaltidən hesabı açan, daha sonra rahat qol buraxdığını nümayiş etdirən komandamızın dadına VAR-ın olmaması çatdı. Əks halda, qələbə qolumuz zamanı ofsayd qeydə alınacaqdı.

Məzmunsuz oyunla olsa da, yığmamız qazanmağa borclu olduğu qələbəni əldə etdi. Baş məşqçi Canni de Byazi yenə əsasən təcrübəli futbolçulara güvəndi, belə matçlarda sınanması gərəkən bir çox futbolçuya şans vermədi. İtaliyalı bununla milli komandanın yox, özünün gələcəyini düşündüyünü göstərdi. Sabah sıradan rəqiblər üzərində qazanılan qələbələri statistikaya salıb uğurlu olduğundan dəm vuracaq. Halbuki seçmə mərhələdə hesabımızda cəmi 1 xal var.

De Byazinn oyundan sonra dedikləri isə yersiz bəhanələrdir. Məsələn, o, Belçika ilə görüşdə futbolçuların xeyli enerji itirdiyini, bu üzdən istənilən səviyyədə oynamadıqlarını dilə gətirdi. Halbuki rəqib də Norveçlə sınaq matçında qarşılaşmış, 0:6 hesabı ilə uduzmuş, üstəlik, Bakıya uzun yol gəlmişdi. Meydanın yaxşı vəziyyətdə olmaması lə bağlı qeydə gəlincə, iordaniyalılar da eyni meydanı bölüşürdü.

De Byazinin nağıllarına inanmağa gərək yoxdur. Təqvim millimiz üçün asan deyil və italiyalı hətta istəsə belə, komandamız autsayder adından qurtula bilməyəcək. İtaliyalını müqaviləsi bitən kimi yola salımaq və yeni komanda quruculuğuna başlamaq lazımdır. Konkret hədəf müəyyənləməli, strategiya hazırlanmalıdır. Və islahatlar təkcə milli komandanı yox, bütünlüklə ölkə futbolunu əhatə etməlidir. Seçmə mərhələdə biabır olub zəif rəqiblərlə yoxlama oyunlarında qələbə qazanmaqla yalnız özümüzü aldadırıq.

FƏRİD

Shares: