“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaş ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu bir sıra məsələlərə toxunub:

– Yarış qaydalarına görə, ən azı dörd azərbaycanlı oyunçu eyni vaxtda meydanda olmalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”yə qarşı keçirəcəyimiz növbəti matçda iştirak edə biləcəyəm.

– Klubu ilk növbədə baş məşqçi Adrian Mutuya görə seçdim. Əvvəllər “Sepsi”nin heyətində Rumıniya çempionatında onun rəhbərlik etdiyi “Universitatya Krayova”ya qarşı çıxış etmişəm. Ola bilsin ki, məni xatırlayıb. Keçmiş komandam “Slask” da məni istəyirdi, amma polyakların təklifi klub rəhbərliyinə uyğun deyildi. Ona görə də həyat yoldaşım, kiçik qızım və iki itimizlə birlikdə Bakıya köçdük. “Neftçi”də gələcək üçün böyük fürsətin olduğunu görməyim də həlledici idi. Biz, doğrudan da “Qarabağ”ın səviyyəsinə çata bilərik.

– Şəhərin kənarından ev aldıq. Sakit və təmiz yerdir, qapalı ərazisi, mükəmməl infrastrukturu var. Uşaq bağçası ingilis dilindədir, ona görə də balaca qızımızın uyğunlaşmaqda heç bir problemi olmadı. Onun 5 yaşı var. Gələn il burada ibtidai məktəbin birinci sinfinə uyğun gələn üçüncü qrupa başlayacaq. Yeri gəlmişkən, Azərbaycan xalqı çox mehribandır. Dini Avropadakı adətlərdən tamamilə fərqli olsa da, açıq və yardımçıdır. Azərbaycan mətbəxi də Türkiyə mətbəxinə bənzəyir. Amma mədəm quzu ətini çox sevmir. Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir. Bakıda hələ də macar restoranı tapmamışam. Burada yaşayan çox macar da tanımıram.

– Böyük oyunlarda və avrokubok matçlarında dolu tribunalar önündə oynaya bilərik. Təəssüf ki, Konfrans Liqasından kənarlaşdırıldıq. “Jelezniçar”ı üstələdikdən sonra daha yaxşı nəticə gözləyirdim. Sonrakı mərhələdə “Beşiktaş”a öz meydanımızda 1:3 hesabı ilə məğlub olduq. Türkiyədəki cavab görüşünün birinci hissəsindən sonra hesabda öndə idik. Mərhələ keçəcəyimizə inanırdım. Lakin fasilədən sonra rəqibin heyətində dəyişikliklər oldu, biz isə yorğun görünürdük. Nəticədə iki qol buraxdıq. Azərbaycan çempionatında oxşar gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır.

Qeyd edək ki, Mark Tamaş “Neftçi”yə yay fasiləsində Rumıniya klubu “Sepsi”dən keçib.

Shares: