2011-2014-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran” klubunun formasını geyinmiş rumıniyalı müdafiəçi Adrian Pitin futbolinfo.az saytına müsahibəsi

– Həmyerliniz Adrian Mutunun rəhbərlik etdiyi “Neftçi” heç də uğurlu mövsüm keçirmir. Nəticələrdən xəbəriniz var?

– Əlbəttə ki, var. Azərbaycan çempionatında nəticələrlə maraqlanıram, diqqətçəkən oyunların videogörüntülərini izləyirəm. Mövsüm hələ yeni başlayıb. Buna görə də indidən Mutunu uğursuz məşqçi kimi qələmə vermək doğru olmaz. Nəzərə alın ki, komandaya yayda gəlib və təlim-məşq toplanışı keçməyə vaxtı olmadı. Yəni Mutunun heyəti formalaşdırmaq, sistemini oturtmaq imkanı yox idi.

– Bəs bunları yoluna qoyması üçün nə qədər zamana ehtiyacı var?

– İstənilən yeni baş məşqçiyə bu zaman verilməlidir. Yəqin ki, “Neftçi” rəhbərliyi də Mutunu vaxtilə ulduz futbolçu olduğu üçün aparmayıb. Hər halda, klub ondakı məşqçilik bacarığını görüb, komandanı əvvəlki gücünə qaytaracağını hiss edib. Sadəcə, sona qədər arxasında olmaq, dəstək vermək lazımdır.

– Əksər əcnəbi futbolçular məhz Mutunun istəyi ilə alınıb. Yəni bu, həmyerlinizin qurduğu komandadır. Sizcə, bu mövsüm komanda nəyə ümid edə bilər?

– Əminəm ki, Mutu bu heyətlə uğur qazana biləcək. Qurban Qurbanovun “Qarabağ”dakı ilk illərini yəqin ki, xatırlayırsınız. Komanda bir neçə il çempion ola bilmədi. Əvəzində baş məşqçi öz sistemini qurdu, buna uyğun heyət yığdı və onlarla uzun yola çıxdı. Nəticəsi də göz önündədir. Bu üzdən “Neftçi” rəhbərliyi və azarkeşləri də səbirli davranmalıdır.

– “Neftçi”nin yeni transferlərini necə gördünüz? Hər halda, içlərində Rumıniyadan gələnlər də var.

– “Neftçi”nin transferləri kifayət qədər səviyyəli oyunçulardır. Hətta bəzilərini Azərbaycana aparmaları məni təəccübləndirdi. Çünki indiki məqamda, xüsusən də, Rumıniyadan futbolçu aparmaq asan iş deyil. Bunda Mutu amili vacib rol oynadı. Rumıniya klubları son illər oyunçulara yüksək məvaciblər verdiklərindən, futbolçular buradan Azərbaycan kimi ölkələrə getməyə can atmırlar. Klublar da uzunmüddətli müqavilələr bağlayırlar və oyunçularını ancaq yaxşı qiymətə satırlar.

– Maraqlıdır ki, hazırda Azərbaycan çempionatında rumıniyalı futbolçu yoxdur. Bu, sadaladığınız amillərdən qaynaqlanır?

– Başqa bir səbəb görmürəm. Əminəm ki, Mutu rumıniyalı oyunçular istəyib. Ancaq ya onların özləri, ya da klubları ilə maliyyə məsələsində razılaşa bilməyiblər.

– Olimpiu Morutan və Marka Dzuqandziçin transferi bu üzdən alınmadı?

– Hər ikisi yüksək səviyyəli oyunçudur. Onlar təkcə “Neftçi”ni gücləndirməzdi, Azərbaycan çempionatına da əlavə rəng qatardılar. Ancaq fərqli qərar verdilər. Çox güman ki, daha sərfəli təklifi üstün tutublar.

AĞA

Shares: